“Çox soyuqqanlı, intizamlı, həmişə yaxşı hazırlıqlı…”.
Azpost.info xəbər verir ki, bu sözləri Avstriyanın keçmiş kansleri Sebastyan Kurts Rusiya prezidenti Vladimir Putin haqqında deyib.
Kurts publisist Konni Bişofberqerin iştirakı ilə yazdığı xatirələrində dünya liderləri, o cümlədən Putinlə görüşləri ilə bağlı təəssüratlarını bölüşüb.
“Siyasətdən danışaq” adlı kitabda keçmiş kansler Putinlə yeddi dəfə – həm xarici işlər naziri, həm də federal kansler kimi görüşdüyünü bildirib.
Kurts qeyd edib ki, Putin təmkinli olub, şəxsi söhbətlərdə alman dilinə keçib: “ADR-dəki keçmişi sayəsində Putin alman dilini mükəmməl bilir. Lakin bu dildə yalnız şəxsi söhbətlərdə danışır. Otaqda başqa adamlar olan kimi tərcüməçilərdən istifadə edir”.
Onun sözlərinə görə, görüşlər zamanı ən çox Rusiya ilə Avropa İttifaqı arasında geosiyasi və iqtisadi əlaqələr müzakirə olunub. Kurts deyib ki, hər görüşdə Rusiya lideri NATO ilə bağlı məyusluğunu ifadə edərək bildirib ki, onlar şərqə doğru hərəkət etməmək vədini pozublar.
Kurts onu da qeyd edib ki, Putinlə görüşləri zamanı o, heç vaxt ağ, uzun masa arxasında oturmayıb. Görüşlər kamin yanındakı iki kresloda oturularaq keçirilib.
Siyasətçi Putinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın tam əksi olduğuna da diqqət çəkib. Tramp Kurtsun yaddaşında emosional biri kimi qalıb: “Tramp söhbətə kortəbii və oynaq şəkildə daxil olur, həmsöhbətini sualların köməyi ilə tanımaqdan hədsiz sevinc yaşayır”.
Azpost.info