“Sülhməramlıların nəzarət etdiyi ərazidə müvəqqəti status formalaşır” –

Tofiq Zülfüqarovdan ŞƏRH
21 Noyabr 2020 - 15:10

“Bu gün hamı status haqqında danışır. Söhbər sanki eyni məsələ, əslində isə, iki fərqli məhfum barəsində gedir”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Dağlıq Qarabağın status ilə bağlı müzakirələri şərh edərkən bildirib.

Onun sözlərinə görə, fərqli məfhumlar bunlardır:Birinci, bu, yekun statusdur. Bu status kifayət qədər uzunmüddətli nizamlanma prosesinin nəticəsində müəyyənləşməlidir. Ola bilər danışıqlar nəticəsində müəyyənləşsin, amma ola da bilər ki, heç danışıqlar olmasın (Azərbaycan Silahlı Qüvvələrin nəzarətinə keçən bütün ərazilərdə baş verdiyi kimi);

İkincisi, Rusiya sülhməramlılarının nəzarətə götürdüyü ərazidə MÜVƏQQƏTİ STATUS formalaşır. Müvəqqəti status özündə hərbi-texniki tədbirlər kompleksini və de-fakto şəraiti ehtiva edir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, müvəqqəti status Azərbaycanın suveren hüquqlarının tam həcmdə bərpasını nəzərdə tutan yekun statusa keçidi təmin edəcək”.

Sabiq nazir hesab edir ki, ona görə Rusiya, eləcə də Türkiyə sülhməramlılarına mandat lazımdır: “Bu mandat, yekun nizamlanmaya və yekun statusun əldə olunmasına qədər sülhməramlıların səlahiyyət və vəzifələrini müəyyənləşdirəcək. Bax, statusla bağlı mövcud vəziyyətin elmi-nəzəri təsnifatı belədir”.