“Sülhməramlıların razılığı ilə yolumuzu davam etdirdik” –Laçında saxlanılan erməni silahlıları məhkəmədə ifadə verir

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin bir qrupunun – Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodiya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Giraqusyan Eduard Armenoviçin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Bakı Apellyasiya Məhkəməsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər qanunsuz şəkildə odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar.

Təqsirləndirilən şəxslər ötən il noyabrın 17-də dövlət sərhədini qanunsuz keçərək Xocavənd rayonunun Hadrut qəsəbəsindəki meşəlik ərazilərdə yerləşiblər.

Onlar ötən il dekabrın 13-nə qədər həmin ərazilərdə terror-təxribat törədiblər. Belə ki, ittiham olunan şəxslər habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç və digərlərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.

Hakim bildirib ki, əvvəlcə təqsirləndirilən şəxslərin dindirilməsi ilə proses davam edəcək, daha sonra şahidlər dindiriləcək, sonda isə sənədlərin tədqiq mərhələsi keçiriləcək.

Prosesdə təqsirləndirilən şəxslərə ifadə vermək təklif edilib.

Təqsirləndirilən Qevorkyan Robert Ovikoviç ifadəsində Qarabağa gəlməsindən danışıb: “Bizi noyabrın 26-da hərbi hissəyə çağırdılar. Bizə silahlar verdilər. Gecə yol gəldik. Səhər açılanda başa düşdük ki, Laçındayıq. Orada Rusiya sülhməramlılarının gördük. Komandirlərimiz sülhməramlılarla danışdılar, onların razılığı ilə yolumuzu davam etdirdik. Bir qədər getdikdən sonra maşından düşdük, yolumuza piyada davam etdik”.

R. Qevorkyan Dekabrın 13-dək dağda postda qaldıqlarını, həmin gün əmr gəldikdən sonra aşağı düşdüklərini bildirib: “Bizi Ermənistana aparacaqdılar. Aşağı düşəndə komandirlərimiz yox idi. Qarşımıza Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri çıxdı. Həmin əsgərlərin komandiri özünü təqdim etdi, bizə silahları yerə qoyub, təslim olun dedi. Biz də təslim olduq”.

Prokurorun suallarına cavab verən təqsirləndirilən şəxs bildirib ki, onlar hərbi hissəyə çağırılanda müharibənin bitdiyini biliblər: “Bizi ehtiyat qüvvə kimi cəbhəyə apardılar. Dedilər ki, orada olan əsgərləri əvəz etməliyik, əsgərlər dincəlsinlər. 100 nəfər idik, bizi bir avtobusla dağa apardılar”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, müharibənin bitməsi ilə bağlı imzalanan bəyannamənin məzmunundan xəbəri olmayıb: “Biz hesab edirdik ki, sülh müqaviləsi ilə bağlı atəşkəs elan olunub. Bizim olduğumuz yer Laçın ərazisi olub. Əvvəllər Laçın ərazisində olmamışam. Dağda olanda komandirim Arsen Kazaryan olub. Rütbəsi polkovnik-leytenant idi. Biz onu komandir kimi qəbul etmişik, ona tabe olmuşuq”.

Təqsirləndirilən şəxs deyib ki, Rusiya sülhməramlılarının postundan keçən zaman qeydiyyatlarının aparılması ilə bağlı heç nə bilməyib, sülhməramlılarla komandirləri danışıb.

Daha sonra prokurorun vəsatəti əsasında R. Qevorkyanın ibtidai istintaqda verdiyi ifadəsi elan olunub. O, istintaqa verdiyi ifadəsində deyib ki, Arsen Kazaryandan əlavə, polkovnik Artur Muradayan da onlara rəhbərlik edib: “Biz iki saata yaxın yol gəldik. Dağa çatanda içində hərbiçilər olan maşınla rastlaşdıq. Arsen Kazaryan bizi dağa apardı. Bizi orada qoyandan sonra özü başqa yerə getdi. Dekabrın 13-dək orada qaldıq. Məqsədimiz orada mövqelərimizi qorumaq idi, bizə yaxınlaşan Azərbaycan əsgərlərinə silahlı müqavimət göstərmək tapşırılmışdı. Arsen həmin ərazilərin Ermənistana aid olduğunu deyib, biz də ona inanmışıq. Orada bölgü ilə xidmət aparmışıq. Dekabrın 13-də bizə rəhbərlik edən hərbçi Arsen Kazaryanla danışdı. Bizim dağdan düşməyimizə Arsen əmr verdi”. (APA)

Proses fasilədən sonra davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Qasım Süleymaninin qətlində əli olan ABŞ generalı aviabazada ölü tapıldı –