“Amazon”un qurucusu milyarder Ceff Bezos süni intellekt (AI) ətrafında yaranan həyəcanı həm sərmayənin itirilməsinə səbəb ola biləcək, həm də cəmiyyətə fayda verə biləcək “köpük”lə müqayisə edib.
AzPost bildirir ki, o, bu barədə Turində keçirilən İtaliya Texnologiyaları Həftəsində bildirib.
“İnsanların bu gün süni intellektlə bağlı coşğusu ilə təcrübələr maliyyələşir. Hər bir şirkət həm yaxşı, həm də pis ideyalara pul buraxır”- deyə Bezos bu şirkətlərdən hətta məhsul əldə etmədən milyardlarla maliyyə vəsaiti alanlara işarə edib. “Bu həyəcanın ortasında investorlar üçün yaxşı ideyaları pislərdən ayırmaq çətindir”, – deyə sahibkar əlavə edib.
O, eyni zamanda süni intellektin sənaye sahəsini dəyişdirəcəyini və dünyada hər bir şirkətin məhsuldarlığını artıracağını vurğulayıb. Bezosun sözlərinə görə, süni intellekt xərclərinin artması 1990-cı illərdə baş qaldırmış biotexnologiya sahəsi ilə bağlı “köpüyə” bənzəyir. “O vaxt bir çox şirkət müflis oldu, investorlar pul itirdilər, amma əvəzində bizim hələ də bir neçə həyat qurtaran dərmanımız icad olundu”, – milyarder xatırladıb.
O qeyd edib ki, “sənaye köpükləri” faydalı ola bilər: “Toz çökəndə qaliblərin kim olduğu məlum olacaq və cəmiyyətlər bu ixtiralardan faydalanacaq. Eyni şey burada da olacaq. Süni intellektin cəmiyyət üçün faydaları çox böyük olacaq”, – Bezos bildirib.