Paytaxt sakini Emin Aydın sosial şəbəkədə məşhur karqo şirkəti “Sürət Karqo” ilə bağlı ciddi narazılığını bölüşüb. AzPost xəbər verir ki, vətəndaş sifariş etdiyi bağlamanın gecikməsi və nəticədə yaranan maddi zərərə görə şirkəti məsuliyyətsizlikdə ittiham edir.
Şikayətçinin sözlərinə görə, sifariş etdiyi bağlama uzun müddət çatdırılmayıb və bunun səbəbini öyrənmək üçün şirkətlə dəfələrlə əlaqə saxlamağa çalışıb. Nəhayət, “Sürət Karqo” əməkdaşları məlumat veriblər ki, bağlama gömrükdə saxlanılıb. Səbəb isə bağlamanın üzərində əmtəə nişanının olmaması göstərilib.
Emin Aydın qeyd edib ki, bu problem yalnız satıcının deyil, eyni zamanda karqo şirkətinin də məsuliyyətidir. Onun fikrincə, belə halların qarşısını almaq üçün xarici anbarda mütləq bağlamanın yoxlanılması xidməti olmalıdır. O bildirib ki, əgər bu xidmət mövcud olsaydı, cüzi bir məbləğ ödəyib məhsulu yoxlatdırmaq və lazım gələrsə, geri qaytarmaq mümkün olardı. Nəticədə isə müştəri yüzlərlə manat ziyana düşməzdi.
Şikayətçi həmçinin əlavə edib ki, belə yoxlama sisteminin olmaması yalnız maddi zərərə yox, ciddi hüquqi fəsadlara da yol aça bilər. Belə ki, bəzən qeyri-qanuni yüklər də karqo vasitəsilə göndərilə və vətəndaşlar heç bir məlumatı olmadan hüquqi məsuliyyətə cəlb oluna bilər.
Hazırda hadisə ilə bağlı “Sürət Karqo” tərəfindən hər hansı rəsmi açıqlama verilməyib. Müştəri isə şirkətin məsuliyyətsizliyinə görə sonuna qədər hüquqi mübarizə aparacağını bildirib.