“Şuşaya səfərləri bazara çeviriblər… Kimlər qalanı əlçatmaz şəhər edib?” –Rəsmi "Azərbaycan" qəzetindən ciddi ittihamlar

Rəsmi qurumların səfər bileti bir ay öncə bir saata satılıb bitir, işbazlar isə istənilən gün üçün bileti üçqat baha satışa çıxarırlar…

 

Prezident İlham Əliyevin Azərbaycan xalqının ümumi arzusunun ifadəsi olan “Şuşa hər birimizi özünə çəkir” fikrində olduğu kimi, hansı bölgədə doğulmağımızdan asılı olmayaraq, hamımız bu müqəddəs şəhərə getmək, əzəli yurdumuz Qarabağa bu pak ucalıqdan tamaşa etmək istəyirik…

Nəhayət, ölümdən betər bu ayrılıq sona yetib…

Düz 30 il ərzində səsimiz, ünümüz yetməyən, Yer üzündə yaşayan bütün azərbaycanlıların Vətən qibləsi Şuşa azadlığına qovuşub. Ruhumuzun pərvəriş ünvanı yenidən öz əvvəlki şan-şöhrətli günlərinə dönüb, Azərbaycanın və azərbaycanlıların mədəniyyət paytaxtı olmaq kimi fəxarətli statusu ilə adına, qədim tarixinə, əsrarəngiz təbiətinə yaraşır bir şəkildə mənəviyyat abidəmizə çevrilib…

İndi isə könlü Qarabağdan keçən bizlərin illərdir ürəyimizdə gəzdirdiyimiz, heç olmasa ömrümüzdə bir dəfə də olsa Şuşaya səfər edərək, bu qürur zirvəmizin qarşısında səcdəyə durmaq, daşını, torpağını öpmək, məscidlərində dua edərək Tanrıya şükranlarımızı bildirmək kimi müqəddəs arzularımızın gerçəkləşmə məqamıdır, amma…

 

Kimlər Şuşanı bizim üçün əlçatmaz şəhərə çevirib?

 

Əmması isə odur ki, bir çoxlarımız bu arzumuzu yerinə yetirə bilmirik, Şuşa bizim üçün əlçatmaz, uzaq şəhərə çevrilib. Çünki Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən Şuşaya təşkil olunan avtobus reyslərinin sayı az olduğuna görə vətəndaşlar bilet tapa bilmirlər. “Yolumuz Qarabağa” portalında biletlər satışa çıxarılandan cəmi bir neçə saat sonra tükənir. Yəni bu yolla Şuşaya getmək planı bir neçə ay sonraya qədər təxirə düşür…

Amma əhvalı pozmağa dəyməz, alternativ yollar da var. Şuşaya tur təşkil edən özəl şirkətlər vasitəsilə də mədəniyyət paytaxtımıza səyahət etmək olar. Hətta dövlət xətti ilə Şuşaya səfər etmək istəyənlər qarşıdakı aylar üçün bilet tapmaqdan əl üzsələr də, sözügedən turizm şirkətlərindən ən yaxın iki-üç gün üçün bilet tapmaq mümkün olur. Sevindiricidir deyilmi?! Əlbəttə, əgər bu tur şirkətlərinin Şuşaya səfər etmək üçün biletə qoyduğu baha qiymət olmasa…

Yaşlılar, xəstələr, illərdir vətən həsrəti ilə yanan vətəndaşlarımız var ki, tezliklə o torpaqları görmək istəyirlər. Bunun üçün əl qaldırıb Allahdan ömür payı uman o qədər həmvətənimizin saf duasına qulaq şahidliyi etmişik ki… Ümumiyyətlə, hamı Şuşaya getmək istəyir, bunu özünün mənəvi borcu sayır.

Və o insanların heç birinin günahı deyil ki, internetə çıxışı yoxdur, kompüterdə, telefonda müasir tətbiqlərdən istifadə edə bilmir, yaxud hansısa digər səbəblər üzündən gecikir və dövlətin Şuşaya təşkil etdiyi səfərlərə bilet ala bilmir. Buna görə də iki seçim qarşısında qalır, ya yenidən oturub aylarla növbəti bilet satışını gözləməli olur, ya da turizm şirkətlərinin baha qiymətə təşkil etdiyi turlarla Şuşaya getmək məcburiyyətində qalır.

O başqa reallıqdır ki, Şuşa qəlbimizdə elə yüksək bir zirvədədir ki, onu görmək üçün yola istənilən məbləği ödəməyə razıyıq…

Görünür, elə işbazlar da vətəndaşlarımızın tükənməz Şuşa sevgisindən sui-istifadə edərək bu cür bazar açıblar.

 

Şuşa möhtəkirlərin “işğalı” altına düşməli deyil

 

Amma Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun qəhrəman əsgəri Şuşanı ona görə azad eləməyib ki, bir qrup möhtəkirin gəlir mənbəyinə çevrilsin…

Azərbaycanın mərd oğulları öz canları, qanları bahasına Zəfər cığırını ona görə açmayıblar ki, o yolları fürsətcillər şəxsi qazanc yerlərinə döndərsinlər…

Şuşaya gedən yola Zəfər yolu deyirik, müqəddəs yol sayırıq! Elə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev də Xüsusi Təyinatlılarla görüşəndə qeyd etdi ki, “Bu gün Şuşaya gələn hər bir insan, sadəcə olaraq, məəttəl qalır – bu alınmaz qalanı Azərbaycan övladları necə aldılar. Hər dəfə Şuşaya Zəfər yolu ilə gedəndə hər bir insan bu haqda fikirləşir. Son vaxtlar artıq Zəfər yolu ilə Şuşaya gedən insanların sayı həddindən artıq çoxdur, həm Azərbaycan vətəndaşları, həm xarici vətəndaşlar. Ondan sonra mənimlə təmaslar əsnasında qeyd edirlər ki, siz Azərbaycanda belə qısa müddətdə bu yolu necə çəkmisiniz? Mən isə deyirəm, əsas məsələ bu deyil, siz fikirləşin bizim əsgər və zabitlərimiz o meşələrdən necə keçiblər, o yolu onlar açıblar və bu yola mənim tərəfimdən Zəfər adı verilməklə biz bu şanlı Zəfərimizi bir daha tariximizdə həkk etdik”.

İlham Əliyev və onun  əsgərinin açdığı bu şanlı Zəfər yolu təkcə hansısa ünvana yetmək üçün olan dünyadakı milyonlarla adi yoldan biri deyil. Bu, hər qarışına Azərbaycanın vətənsevər övladlarının qanı ilə imza atdığı zəfərə, azadlığa, vətənin bütövlüyünə uzanan pak, müqəddəs  yoldur.

Bu yolla səyahət edən hər bir kəs Qarabağımızın necə ağır, iztirablı, çətin və elə o qədər də şücaətlə, əzmkarlıqla azadlığına qovuşdurulduğunun canlı şahidi olur. Bir daha qəhrəman oğulları ilə fəxr edir, qürur duyur, şəhidlərini minnətdarlıq və ehtiramla anır…

Şuşa işğaldan azad olunub, möhtəkirlərin işğalına girməli deyil! Şuşa adının keçdiyi hər bir iş böyük paklıq, ən ümdəsi mənəvi məsuliyyət tələb edir.

Hətta Şuşa adından istifadənin özü belə qanunla tənzimlənəcək. Qanuna əsasən, hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mükafatların və təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında, kommersiya və reklam məqsədilə əmtəə nişanlarında və coğrafi göstəricilərdə Şuşa sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol veriləcək. Olduqca vacib qanundur!

Elə Şuşaya təşkil edilən səfərlərin özü də həssas, kövrək məsələdir. Heç Şuşaya səfərlə, Azərbaycanın hansısa, tutaq ki, Qubaya, Xaçmaza, Lənkərana, Lerikə, Şəkiyə və digər bölgələrə edilən istirahət turlarını bir gözdə görmək, onları eyni tərəzinin gözünə qoymaq mümkündürmü?!

Azərbaycan xalqı Şuşaya gəzməyə, dincəlməyə yox, mənəvi borcu sayaraq müqəddəs məkanı ziyarətə gedir.

Olmazmı ki, dövlət xətti ilə Şuşaya təşkil olunan reyslərin, avtobusların sayı artırılsın? Şuşaya getmək istəyən vətəndaşlar da bilet yoxluğu səbəbindən aylarla gözləməyə məcbur qalmasınlar. 

 

Üç dəfə baha qiymətə təklif olunan Şuşa turları

 

Müəyyən müddətdə Şuşaya və digər rayonlara səfərlər müxtəlif qurumlar tərəfindən təşkil olunsa da, artıq bu ilin yanvar ayının 24-dən Şuşa və Ağdama avtobus reysləri istifadəyə verilib. Növbəti mərhələdə azad olunmuş digər rayonlara da reyslərin açılacağı nəzərdə tutulur. Şuşa və Ağdama səfər üçün bilet satışını həyata keçirmək məqsədilə “yolumuzqarabaga.az” saytı yaradıldı. Həmin rayonlara səfər etmək istəyənlər sistemə daxil olaraq “ASAN login” vasitəsilə qeydiyyatdan keçməli, istiqamət seçimi edib, səfər tarixini və səfərdə neçə nəfərin iştirak edəcəyini qeyd etməlidir. Daha sonra reyslərdən biri seçilərək növbəti səhifədə e-mail ünvanı, şəxsiyyət vəsiqəsinin seriyası, fərdi identifikasiya nömrəsi və mobil nömrə daxil edilir. Şəxsin məlumatları müvafiq informasiya sistemlərindən yoxlanılır.

Aprel ayının son günlərində may üçün Şuşaya bilet satışı ilə bağlı sistem aktiv edilsə də, artıq bir neçə saat ərzində satış başa çatıb və növbəti günlər üçün bilet tapmaq mümkün olmayıb. Nəinki Bakıdan, hətta Əhmədbəyli-Şuşa reyslərinə də biletlərin bitdiyi məlum olub.  Məlumat üçün bildirək ki, bilet alarkən gediş və dönüş bir yerdə alınır. Bakıdan Şuşaya gediş-dönüş biletinin qiyməti 20.80 manat, Əhmədbəyli-Şuşa-Əhmədli reysi üzrə isə 14 manatdır.

Sistemdə biletlər bitsə də, tur şirkətləri tərəfindən Şuşaya bir günlük tur paketlər təklif olunur. Müxtəlif şüarlar altında Şuşaya səfər təklif edən tur şirkətlərinin bir günlük qiymətləri 55-60 manat arasında dəyişir. Standart paket üçün qiymətlər 60, ekonom paket üçün isə 55 manat təşkil edir.

Araşdırdığımız zaman məlum olur ki, qiymətə fotosesiya və “gülərüz tur rəhbəri” daxildir. Qiymətə tur rəhbərinin “gülərüzlülüyünün” salınması isə tam başqa söhbətdir. Maraqlıdır, kim turlarla maraqlananda tur rəhbərinin “gülərüzlülüyünü” soruşur və ya tur rəhbəri onsuz da səbirli və komanda ilə işləmə bacarığı olanlar arasından seçilmirmi?

Rəsmi qurumlar əhalinin tələbatını nəzərə almır və əlavə avtobuslar ayırmır, işbazlar isə nə yollarlasa istədikləri vaxt səfər təşkil edə bilirlər. 3 dəfə baha qiymətə bilet satan turizm şirkətlərinin açdığı bu bazar gündən-günə böyüyür.

Bu işlə məşğul olan “KMG” turizm şirkətindən məlumat alarkən bəlli oldu ki, 55-60 manata satılan bilet şəxsin öz adına alınır və bunun üçün şəxsiyyət vəsiqəsi və COVID-19 pasportunun olması kifayətdir. Biz biletlərin ancaq bir sistem üzərindən satıldığını söylədikdə “Biletlər Dövlət Turizm Agentliyi tərəfindən satılır, amma onlar şənbə və bazar günü apara bilirlər, biz sadəcə həftəiçi turlar təşkil edirik”, – deyə bildirdilər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məlumatına görə, Şuşa və Ağdam şəhərlərinə təşkil edilən müntəzəm avtobus reyslərinə may ayı üzrə biletlər aprelin 26-da satışa çıxarılıb. Bakı-Şuşa-Bakı istiqaməti üzrə biletlər ilk 3-4 saat ərzində tam satılıb. Ümumilikdə bu marşrut üzrə 564 bilet vətəndaşlar tərəfindən alınıb.

Əhmədbəyli-Şuşa-Əhmədbəyli istiqaməti üzrə 650-dən çox bilet satılıb. Beləliklə, may ayında 1222 vətəndaşın Şuşaya səfəri təmin olunacaq. Bu günədək isə ümumilikdə 5000-dən çox şəxs Şuşa və Ağdam şəhərlərini ziyarət edib.

Məlumata əsasən, marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı-Şuşa-Bakı istiqamətində əlavə cəmi 1 reysin açılması qərara alınıb. Yeri gəlmişkən, turizm şirkətləri tələbatı nəzərə alaraq, əlavə reyslərin sayını daha çox artırıb.

 

Vətəndaşın “dərisini soyub” qeyri-qanuni hərəkətlərə yol vermək olmaz

 

Cəmiyyət arasında narazılığa, geniş müzakirələrə səbəb olan bu problemlə bağlı qəzetimizə danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib ki, tur şirkətlərinin Şuşaya səfərlə bağlı təklif etdikləri qiymətlər ciddi narazılıq yaradan məsələdir: “Vətəndaşlarımız doğma Şuşamızı görmək, gəzmək istəyirlər. Bu, çox yaxşıdır, amma müəyyən fürsətcil şəxslər bu haldan istifadə edib pul qazanmaq istəyirlər. Bu məsələni araşdırmaq müvafiq qurumların, o cümlədən hüquq-mühafizə orqanlarının işidir. Bizdə belə bir tendensiya yaranıb ki, hər hansı bayram, əlamətdar günlərdə qiymətlər qalxır, yəni fürsətcillər hər şeydən istifadə edirlər. Bazar iqtisadiyyatıdır, hamı müəyyən qədər gəlir əldə etmək istəyir, ancaq bu məqsədlə vətəndaşın “dərisini soyub”, qeyri-qanuni hərəkətlərə yol vermək olmaz”.

Deputat qeyd edib ki, Şuşaya gediş-gəliş biletlərinin qiyməti rəsmi qaydada məlumdursa, bundan 3-4 dəfə artıq paket təklif edilirsə, demək qanun pozulur: “Deyə bilərlər ki, özəl şirkətik, amma dəxli yoxdur. Özəl şirkət Amerikadan gəlməyib, Azərbaycanın turizm şirkətidir, o qədər özbaşına deyil ki, ağlına gələn qiyməti qoysun”.

 

Qiymətlərə dövlət nəzarəti olmalı, Şuşaya avtobus reysləri artırılmalıdır

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas da tur şirkətlərinin Şuşaya səfərlə bağlı təklif etdiyi qiymətlərin baha olduğunu deyir: “Tur şirkətləri pul qazanmaq istəyirlər, bazar iqtisadiyyatı olduğu üçün heç nə demək olmur. Ancaq hökumət tərəfindən qiymətlərə nəzarət olunmalıdır. Qiymətlər aşağı salınmalıdır. Dövlət tərəfindən Şuşaya gedən avtobusların sayı artırılsa, özəl şirkətlər məcbur qalıb qiyməti endirəcəklər. Eyni zamanda işğaldan azad olunmuş rayonlara səfərlə bağlı özəl şirkətlərə dövlət tərəfindən nəzarət olunmalıdır. Hər kəs istədiyi qiyməti qoya bilməz. İnsanlar yurdlarını gedib görmək istəyir, bu haldan sui-istifadə etmək olmaz”.

 

Açıq qalan suallar

 

Dövlət Turizm Agentliyindən turizm şirkətlərinin qiymət siyasəti ilə bağlı qəzetimizə bildirilib ki, agentlik dövlət qurumudur, bazar iqtisadiyyatı olduğu üçün qiymət tənzimlənməsində iştirak etmir.

Amma ölkəmizdə mütləq ki, qiymət tənzimlənməsində iştirak edən qurum və ya qurumlar var və tezliklə bu məsələdə də qiymət tənzimlənməsinə bir əncam çəkməlidirlər. Bu, vətəndaş olaraq ən azından bizim arzuladığımız və gözlədiyimiz vacib məsələlərdən biridir.

Burada haqlı suallar da ortaya çıxır: əgər Şuşa və Ağdama səfərlər yalnız bir sistemdən tənzimlənirsə, bəs özəl turizm şirkəti biletləri haradan alır?

Biletdən ancaq sistemə şəxsi məlumatları daxil edilənlər istifadə edə bilirsə, sözügedən şirkət biletləri əvvəlcədən haradan və hansı şəkildə bron edir?

Təbii ki, bu suallarımız hələ də cavablanmamış qalır.

 

Şuşanın adı, özü ilə bağlı bir işə əl atanda min dəfə düşünün…

 

Azərbaycan Prezidenti Şuşanı mədəniyyət paytaxtımız elan edib və bu şəhərlə bağlı həyata keçirilən bütün işlər, layihələr həmin yüksək statusa uyğun, qədim qalamızın adına xələl gətirməyəcək şəkildə olmalıdır.

Dövlət başçısı hər kəsə xəbərdarlıq edib ki, “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin”.

Bəli, Şuşa ölkəmizin ali şəxsindən tutmuş, ən sıravi vətəndaşına qədər hər kəs üçün böyük həssaslığa malik, əlahiddə məqamda olan dəyərdir. Necə deyərlər, bizim üçün dünya bir yanadır, Şuşa bir yana…

Odur ki, kimliyindən, hansı mənsəb sahibindən asılı olmayaraq, Şuşanın adı, özü ilə bağlı bir işə əl atanda papağınızı qarşınıza qoyub min dəfə düşünün…

Özəl şirkətə Şuşaya turizm səfəri təşkilinə icazə verənlər, onlara qiymət şərti də qoya bilərlər! Təbii ki, avtobus qiymətləri şərti! 

Əsmər QARDAŞXANOVA,

Yasəmən MUSAYEVA,

“Azərbaycan” qəzeti

Əvvəlki məqalə

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Milli Məclisdə hesabat verir

Sonrakı məqalə

“Azərsun Sənaye Parkı”nda yanğını söndürən FHN və DİN əməkdaşları təltif edilib –