Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, mayın otuzunda Heydər Əliyev Beynəlxalq Hava Limanında sərhəd nəzarəti zamanı qanun pozuntusu aşkarlanıb. AzPost xəbər verir ki, Küveyt-Bakı reysi ilə ölkəyə gələn və Malayziya Federasiyası vətəndaşı kimi təqdim olunan Satyaselan Vijiya saxlanılıb.
Sərhədçilər tərəfindən sənədlərə baxış zamanı təqdim olunan pasportun başqa şəxsə aid olduğuna dair şübhələr yaranıb. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, həmin şəxs əslində Şri-Lanka Demokratik Sosialist Respublikasının vətəndaşı – 1994-cü il təvəllüdlü Savuthararajan Kasvithandır.
Qanunsuz miqrasiya cəhdinin qarşısı sərhədçilərin sayıqlığı və peşəkarlığı nəticəsində alınıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq və digər hüquqi prosedurlar davam etdirilir.