“Tədris Cərrahiyyə Klinikası dezinfeksiya olunmur” iddiasına cavab verildi

20 İyul 2020 - 13:30

“Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mütəmadi olaraq dezinfeksiya işləri aparılır”. 

Bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin açıqlamasında bildirilib. Qeyd olunub ki, son günlər bəzi saytlar və sosial şəbəkələrdə koronavirusla mübarizəyə ilk qoşulan bu klinikanın dezinfeksiya olunmaması, bu səbəbdən orada çalışan həkimlərin virusa yoluxması və digər məqamlar haqqında əsassız məlumatlar yayılır:

“Bildiririk ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında davamlı olaraq Sanitar-Epidemioloji mərkəz və klinikanın öz işçiləri tərəfindən dezinfeksiya içləri aparılır. Klinika əməkdaşlarının iş rejimi ilə bağlı qeyd etmək istərdik ki, işçilər yalnız 15 gün fasilə ilə işə çıxırlar. Yalnız könüllü istək olduğu halda, daha uzun müddətdə fasiləsiz işə çıxan əməkdaşlarımız olur. Həkimlər və tibb personalı arasında yoluxma hallarının əsas səbəbləri klinika rəhbərliyi tərəfindən araşdırılıb. Təəssüflə qeyd edək ki, bir çox hallarda səbəb – həkimlərimiz və tibb personalının klinikadan kənarda – oteldə özünütəcrid qaydalarına lazımınca əməl etməmələri olub. Digərləri ilə təmasda olmayan, otağından çıxmayan işçilərdə yoluxma olmayıb. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası olaraq işçilərimizin oteldəki davranışına müdaxilə edə bilmərik. Bir daha qeyd edirik ki, kimlərinsə işə çıxmaqla bağlı təhdid olunması haqqında iddialar əsassız və yersizdir. Bu barədə Klinika rəhbərliyinə hansısa şikayət daxil olmayıb. İndiki həssas məqamda, koronavirusla mübarizə apardığımız bir dövrdə bu cür iddiaların mediaya ayaq açması təəssüf doğurur”.