Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL şirkətinə məxsus Embraer 190 4K-AZ65 təyyarəsi ilə bağlı aviasiya hadisəsinin ildönümü ilə əlaqədar məlumat yayıb.
Məlumatda deyilir ki, Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən yaradılmış Aviasiya Hadisələrinin Araşdırılması Komissiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Konvensiyasının 13-cü əlavəsinin 6.6 standartına və Qazaxıstan Respublikasının Mülki və Eksperimental Aviasiyada Aviasiya Hadisələrinin və İnsidentlərinin Araşdırılması və Məlumatların Təqdimatı Qaydalarının 94-cü bəndinə uyğun olaraq “Azerbaijan Airlines” şirkətinə məxsus Embraer 190 4K-AZ65 təyyarəsi ilə 25 dekabr 2024-cü il tarixində Aktauda baş vermiş aviasiya hadisəsinin ildönümü ilə bağlı aralıq hesabat hazırlayıb.
Aralıq hesabat Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinin saytında yerləşdirilib.
Bildirilir ki, ICAO-nun 13-cü əlavəsinin müddəalarına əsasən, aviasiya hadisəsinin yalnız bir məqsədi var: gələcəkdə oxşar halların qarşısını almaq.
Qeyd edilib ki, bu fəaliyyətin məqsədi heç kimin günahını və ya məsuliyyətini müəyyən etmək deyil.
O da qeyd olunub ki, Komissiya tərəfindən aparılan araşdırma ilə yanaşı, Qazaxıstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən cinayət araşdırması da aparılır. Bununla yanaşı, ICAO 13-cü əlavəsinin 5.4.1 Standartına əsasən – bu əlavənin müddəalarına uyğun aparılan hər bir araşdırma, heç kimin günahını və ya məsuliyyətini müəyyən etməyə yönəlmiş hər hansı məhkəmə və ya inzibati araşdırmadan ayrılıqda aparılır. Qaydaların 97-ci bəndinə əsasən, aviasiya hadisəsi ilə bağlı bütün məlumatlar araşdırmada iştirak edən şəxslər tərəfindən uçuş təhlükəsizliyini artırmaq məqsədilə düzəldici tədbirlər və ya hərəkətlər həyata keçirmək üçün istifadə oluna bilər.
Araşdırmanın gedişi barədə məlumatlar araşdırma başa çatana qədər üçüncü şəxslərə açıqlanmır. Aviasiya hadisəsinin araşdırmasının yekun müddəti bütün təyin olunmuş tədqiqatların və işlərin başa çatma vaxtından asılıdır. Hadisənin səbəbləri və ya onu təşviq edən amillər, həmçinin uçuş təhlükəsizliyi ilə bağlı tövsiyələr yekun hesabatda təqdim olunacaq.
AZAL-ın sərnişin təyyarəsinin zədələnməsi döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib, lakin onların mənşəyi müəyyən edilə bilməyib.
Bu, Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL şirkətinə məxsus Embraer 190 4K-AZ65 təyyarəsi qəzasını araşdıran komissiyanın aralıq hesabatında yer alıb.
Hesabatda, həmçinin təyyarənin 2 saylı hidravlik sistem borusunun zədələnməsinin sərt obyektlərlə təmas nəticəsində baş verə bilməsi və əmələ gələn dəliklərin metal ərintisindən hazırlanmış (polad əsasında) xarici obyektlər tərəfindən yarana biləcəyi ehtimal olunur.
Aviasiya hadisəsinin araşdırması çərçivəsində aşağıdakı tədqiqatlar aparılıb:
• Aşkar edilmiş xarici metal obyektlər (xarici cisimlər) üzrə kompleks (izotop, ballistik, partlayıcı və yanğın) ekspertiza aparılıb. Ekspertiza nəticəsində partlayıcı maddələrin izlərinə rast gəlinməyib. Üç oksigen balonunda aparılan araşdırmada partlayış izləri müəyyən edilməyib. Təyyarənin zədələnməsi ehtimalı döyüş başlığının dağıdıcı elementləri səbəbindən baş verib, lakin onların mənşəyi müəyyən edilə bilməyib.
• Hidravlik sistemin 2 nömrəli borusunun izotop ekspertizasını həyata keçirilib. Araşdırma nəticəsində boruda zədələnmələr olduğu müəyyən edilib. Zədələnmənin mexanizmi metalın sərt obyektlərlə təmas nəticəsində parçalanmasıdır. Dəliklər metal ərintisindən hazırlanmış (polad əsasında) xarici obyektlər tərəfindən yarana bilər.
• Avionika Modulyar blokundan çıxarılmış Mərkəzi Texniki Baxım Kompüterinin (Central Maintenance Computer) kaseti üzərində tədqiqat aparılıb. Termiki təsir nəticəsində kasetdən məlumatların çıxarılması mümkün olmayıb. Məlumatların çıxarılması üçün “Honeywell International Inc” şirkəti “Delkin Devices Inc” yaddaş kartı istehsalçısına müraciət etməyi tövsiyə edib. Hazırda Komissiya ABŞ nümayəndəsi ilə “Delkin Devices Inc” zavodunda tədqiqat aparılması barədə danışıqlar aparır.
• №1 və №3 Avionika Modulyar blokları çıxarılmış Qlobal Mövqe Sisteminin (GPS1 və GPS2) kasetləri tədqiq olunub. İş tamamlanıb, analiz aparılır.
Beləliklə, hazırda Araşdırma Komissiyası Mərkəzi Texniki Baxım Kompüterinin (Central Maintenance Computer) kaseti üzrə tədqiqatın tamamlanmasını və münaqişə zonaları üzərində və ya onların yaxınlığında uçuş risklərinin qiymətləndirilməsi işçi qrupu tərəfindən hesabatın hazırlanmasını gözləyir. Qeyd olunur ki, Araşdırma Komissiyası balanslı mövqe tutur və bütün nəticələr yalnız faktlara əsaslanaraq obyektiv şəkildə təqdim ediləcək. Aviasiya hadisəsinin araşdırmasının yekun hesabatı Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinin saytında dərc olunacaq./APA/