Dünyada bizneslə məşğul olan insanların bir çoxu bu sahəyə sıfırdan başlayıb. Təcrübəsiz şəkildə biznes dünyasına atılmaq qorxulu görünə bilər. Lakin bəzi insanlar var ki, bu qorxunu arxada qoyaraq uğura doğru ilk addımı atıblar. Onlardan biri də Sara Blakelydir. Heç bir təcrübəsi olmadan başladığı yolda 41 yaşında milyarder olan qadın.
Sara Blakely kimdir?
Sara Blakely qadınlar üçün forma verən alt geyim markası olan “Spanx”ın qurucusudur və dünyanın ilk self-made (yəni, yalnız öz gücü ilə milyarder olmuş) qadın sahibkarlarından biri kimi tanınır.
O, uşaqlıqda hüquqşünas olmaq istəyirdi. Lakin balı çatmadığı üçün Florida Universitetində kommunikasiya üzrə təhsil aldı. Universitetdən məzun olduqdan sonra bir müddət “Walt Disney World”də çalışdı və paralel olaraq stand-up komediya ilə də məşğul oldu. Daha sonra ev-ev gəzərək faks aparatları satdığı bir işə başladı. Bu müddət ərzində özündə satış bacarığını kəşf edən Sara bu sahədə inkişaf etməyə qərar verdi. 25 yaşında satış nümayəndəsi kimi başladığı karyerasında milli satış təlimatçısı səviyyəsinə qədər yüksəldi.
“Spanx” necə yarandı?
Bir gün qatılacağı bir tədbirə hazırlaşarkən Sara düşünür: “Paltar altından görünməyən, rahat, insanı incə göstərən və açıq ayaqqabılarla da geyilə bilən bir alt geyim nə qədər yaxşı olardı”.
İstədiyi məhsulun bazarda olmadığını gördükdə, bu ideyanı özü gerçəkləşdirməyə qərar verir. Moda və biznes sahəsində heç bir təcrübəsi olmasa da, yığdığı 5000 dollar şəxsi qənaəti bu ideyaya sərf edir.
Gündüzlər satış təlimatçısı kimi işləyərkən, gecələr parça növləri, patent məsələləri, loqo dizaynı və marketinq texnikaları ilə bağlı internet üzərindən araşdırmalar aparır. Ölkəni qarış-qarış gəzərək sərmayəçi axtarır, lakin ideyası insanlara inandırıcı gəlmir. Sonda kiçik də olsa bir sərmayə tapır və 1998-ci ildə “Spanx” markasını yaradır.
2000-ci ildən etibarən “Spanx” tədricən tanınmağa başlayır. Ən böyük dönüş nöqtəsi isə həmin ilin sonunda “Sara Blakely”nin məhsul paketini “Oprah Winfrey”yə göndərməsi olur. Oprah məhsullardan razı qaldığını efirdə qeyd etdikdən sonra satışlar sürətlə yüksəlir. Beləliklə, Sara heç bir reklama pul xərcləmədən markasını ölkənin ən tanınmış adlarından birinə çevirir.
Şirkət ilk ilində 4 milyon dollar, ikinci ilində isə 10 milyon dollar dövriyyəyə çatır.
Niyə məhz “Spanx” adı?
“Spanx” adı Sara Blakely tərəfindən yadda qalan və enerjili səsləndiyi üçün seçilmişdir. O, “x” hərfi ilə bitən sözlərin daha cəlbedici olduğunu düşünərək bu adı yaratmışdır. Ad həmçinin “spanks” sözünə bənzədiyi üçün yumor və diqqət çəkicilik effekti yaradır. “Span” sözü bədəni əhatə etmək, dartmaq anlamına gəldiyindən, məhsulun funksiyası ilə uyğunluq təşkil edir. Lakin markanı qeydiyyatdan keçirmək üçün pulu olmadığından, hüquqşünasdan 750 dollar borc almalı olur.
Uğurlar və tanınma
“Sara Blakely”nin inamı və inadkarlığı nəticəsində “Spanx” bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən qlobal brendə çevrilib. Moda və sahibkarlıq sahəsində heç bir təcrübəsi olmasa da, yalnız öz gücü, araşdırmaları və inadla işləməsi sayəsində dünyanın ən varlı və nüfuzlu qadınlarından birinə çevrilib.
2012-ci ildə “Forbes” onu öz gücü ilə milyarder olmuş qadınlar siyahısına daxil edib.
2021-ci ildə “Spanx”ın böyük bir hissəsini 1,2 milyard dollara investisiya fonduna satıb və bu münasibətlə işçilərinə 10 min dollar və istənilən ölkəyə 2 bilet hədiyyə edib.
Sara “Time” jurnalının dünyanın ən nüfuzlu 100 insanı siyahısında da yer alıb.
“Sara Blakely”nin hekayəsi bir daha sübut edir ki, təcrübənin olmaması uğura maneə deyil. Əgər bir ideyaya həqiqətən inanırsınızsa və onu gerçəkləşdirmək üçün çalışırsınızsa, nə qədər çətinlik olursa olsun, nəticədə böyük uğur sizi gözləyir.
Sara Blakely Fondu
Bundan əlavə, Sara Blakely yalnız sahibkarlıq sahəsində deyil, xeyriyyəçilik fəaliyyəti ilə də diqqət çəkir. O, qadınların iqtisadi müstəqilliyini və təhsil imkanlarını genişləndirmək məqsədilə “Sara Blakely Fondu”nu təsis edib. 2013-cü ildə o, sərvətinin böyük hissəsini xeyriyyə işlərinə sərf edəcəyini bəyan edərək “Giving Pledge” təşəbbüsünə qoşulub.
Pandemiya dövründə qadın sahibkarlara və kiçik bizneslərə milyonlarla dollar dəyərində dəstək göstərib. Beləliklə, o, yalnız uğurlu iş qadını deyil, həm də cəmiyyətə töhfə verən nüfuzlu xeyriyyəçidir.