“Talibanın qlobal cihad proqramı yoxdur, iddiası yalnız Əfqanıstandır” –

EKSPERT ŞƏRHİ
10 İyul 2021 - 10:30
Talibanın fəallaşması nə Rusiyaya, nə İrana, nə də Çinə qarşıdır. Ümumiyyətlə, digər islamçı təşkilatlar, məsələn, əl-Qaidə, İŞİD-dən fərqli olaraq Taliban yerli-milli bir qruplaşmadır, dünyaya yayılmaq iddiası olmayıb. Əl-Qaidə və ya İŞİD isə İslam Xilafətini bərpa etmək hədəfini elan edib, buna görə də müxtəlif ölkələrdə təşkilatları olub, bütün dünyaya iddia ediblər.
Taliban isə sovet işğalının son dövrlərdində, siyasi islamlaşmanın təsiri ilə yaranmış yerli islamçı müqavimtə qrupudur. Talibanın iddiası Əfqanıstanadır. Məsələn, İŞİD Əfqanıstanda “əmirlik” elan etdikdən cəmi bir neçə ay sonra Türkmənistana soxulmaq istədi və böyük qırğınlara səbəb oldu. Amma Talibanın bu günə qədər belə bir planı və ya hədəfi olmayıb.
Taliban rus-sovet işğalına qarşı islam üləmasının çağırışı və Pakistan və bəzi ərəb ölkələrinin dəstəyi ilə güclənmiş bir puştun təşkilatıdır. İlk hədəfi ruslar, ruslar çıxandan sonra yerli qruplar – yeri gəlmişkən, onların arasında Hikmətyarın və ya Burhanəddin Rəbbaninin islamçı partiyaları da vardı – olub. ABŞ işğalından sonra isə Amerika və beynəlxalq koalisiyaya qarşı savaşıb. Son illərdə Rusiya və Çin, eləcə də İranla yaxınlaşıb. Bu da ABŞ-a qarşı müttəfiq qazanmaq məqsədilə olub.
Əlbəttə, Əfqanıstanı tam nəzarətə götürsə, gələcəkdə Talibanın Orta Asiyada islamçı silahlı qruplara təsiri olacaq. Onsuz da Orta Asiya islamçı qruplarının “ana vətəni”, yəni düşərgələri Əfqanıstan olub. Amma Talibanın bu ölkələrə hərbi müdaxilə etməsi, hücumu gözlənilmir. Birincisi, etnik baxımdan Taliban-puştunlar yalnız Tacikistanda tərəfdar qazana bilər. Digər ölkələrdə elə də sosial dayağı ola bilməz. Dini baxımdan isə Talibanın qlobal cihad proqramı yoxdur, ən yaxşı halda məsələn, Əfqanıstandakı özbək cihadçıları öz tərəfinə çəkib Özbəkistana göndərə bilər. Ya da Türkmənistana. Amma özü birbaşa müdaxilə etməz, bu həm də Taliban üçün daha ağır nəticə doğura bilər. Nəzərə almaq lazımdır ki, Taliban 90-cı illərin təşkilatı deyil, 20 ildən çox hərbi-siyasi təcrübə qazanıblar. Həm də arxalarında ərəb dərin ağılları (Qətər) var.
Amerikalılara gəlincə, ABŞ hələ 2010-cu ildə Talibanla danışıqlara yaşıl işıq yandırmışdı. O zaman Hillari Klinton təklif edirdi ki, real güc olaraq Talibanla masaya oturmaq lazımdır. Keçən il isə Tramp daha əvvəl başlayan danışıqları sürətləndirib Dohada Talibanla anlaşdı. Bunun əsas səbəbi Talibanın İran, Rusiya kimi ölkələrlə yaxınlaşması idi. Hətta xatırlayırsınızsa, Vaşinqton Rusiya və İranı Əfqanıstandakı ABŞ əsgərlərini öldürməsi üçün Talibana sifariş verməkdə günahlandırmışdı. Üstəlik Taliban üzərində ciddi təsiri olan Pakistanla ABŞ arasında münasibətlər soyuduğu üçün Vaşinqton birbaşa danışıqlara girdi və bu səfər əsas vasitəçi Talibanın arxa-dayağı Qətər oldu.
Hesab edirəm ki, bu da ağıllı taktikadır. 20 il nəticəsiz müharibə göstərdi ki, əfqan dağlarında vuruşub qalib gəlmək mümkün deyil. Bunu 19-20-cə əsrdə 3 dəfə Böyük Britaniya etdi, bacarmadı, 1979-89-cu illərdə SSRİ etdi bacarmadı, indi də ABŞ. Ən yaxşısı dil tapıb razılaşmaqdır.
Nəticədə olan əfqan xalqına olacaq. Əlbəttə, Taliban 90-cı illərdə olduğu qədər radikal olacağı gözlənilmir. Müəyyən qədər reallıqları da nəzərə alacaqlar. Amma hər bir halda Əfqanıstan yenə də dinc, sakit inkişaf yoluna girməyəcək və ya bu yola girməsi prosesi ən azı bir müddətlik yubanacaq.
Əfqanıstanı düşdüyü vəziyyətdən çıxarması üçün hərbi diktatura və ya sərt monarxiya rejimi qurulmalıdır. Ən azı vahid dövlətçilik şüurunu möhkəmləndirəcək müddət üçün. Yoxsa o xalq etnik və dini-məzhəbi zəmində bölünə-bölünə gedəcək və dövlət ola bilməyəcək.
Kənan Rövşənoğlu