Tanınmış alim Cəmil Səfərov dəfn edildi- VİDEO

Azərbaycan mühəndislik elminin, metallurgiya və alüminium sənayesinin tanınmış elm xadimi, alim və pedaqoq Cəmil İldır oğlu Səfərov 9 yanvar 2026-cı il tarixində vəfat edib və ailəsi, yaxınları ilə vida mərasimi keçirilərək dəfn olunub.

Bu barədə AzPost-a mərhumun qızı Arzu Səfərli məlumat verib.

Qeyd edək ki, Cəmil Səfərov 23 oktyabr 1963-cü ildə Cəlilabad rayonunun Gülməmmədli kəndində anadan olub. O, 1986-cı ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Maşınqayırma fakültəsini bitirib. 1987-ci ildən elmi fəaliyyətə başlayaraq aspirantura təhsili alıb və 1992-ci ildə texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
Alim 2000-ci ildə Rusiya Federasiyasının Kursk Dövlət Texniki Universitetində doktorantura təhsili alıb, 2018-ci ildə isə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru elmi dərəcəsini qazanıb. O, uzun illər Azərbaycan Texnologiya Universitetində professor kimi çalışıb, eyni zamanda “Azəralüminium” MMC-nin Gəncə İstehsalat Kompleksinin direktoru və müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərib.

Cəmil Səfərov metallurgiya və mühəndislik elminin inkişafına verdiyi töhfələrlə seçilib. Onun elmi fəaliyyəti çərçivəsində 4 monoqrafiya, 13 dərslik, 7 ixtira və 150-dən çox elmi məqalə nəşr olunub. Bu məqalələrin 69-u nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilib və bir çoxu sənayedə tətbiq olunub. Alimin elmi işləri SCOPUS, Web of Science və Springer bazalarında indekslənib.

Mərhumun fəaliyyəti yüksək qiymətləndirilib. O, 2021-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru adına layiq görülüb. 2024-cü ildə Azərbaycan Mühəndislik Akademiyası tərəfindən “İlin Mühəndisi” seçilib. 2025-ci ildə “Türk Dünyası İlin Uğurlu Alimi” diplomu və “Şərəf” ordeni ilə təltif olunub. 2026-cı ildə isə Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü seçilib.

Cəmil Səfərov elmi, pedaqoji və istehsalat sahəsində göstərdiyi xidmətlərlə Azərbaycan sənaye və elm tarixində silinməz iz qoyub. Onun əziz xatirəsi mühəndislik və sənaye ictimaiyyəti tərəfindən daim hörmət və ehtiramla anılacaq.

Allah rəhmət eləsin, məkanı cənnət olsun.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.