Tanınmış ziyalı və ictimai xadim Sərhad Məmmədov vəfat edib

22 Noyabr 2020 - 13:43

Lənkəran Ağsaqqallar Şurası sədrinin müavini, tanınmış ziyalı və ictimai xadim Sərhad Məmmədov vəfat edib.

Azpost.info bildirir ki, S.Məmmədov bu gün 85 yaşında doğulduğu Lənkəran rayonunun Gərmətük qəsəbəsində dünyasını dəyişib.

Sərhad Məmmədov 1935-ci il may ayının 28-də Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitututunu, 1978-ci ildə Moskva Ali Partiya Məktəbini, 1990-cı ildə Timiryazev adına Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının pedaqoji fakültəsini bitirib. İstefada olan polkovnik-leytenantdır.

Lənkəran rayonunun görkəmli ziyalılarından olan Sərhad Məmmədovun Azərbaycanda və rayonda aparılan sosial quruculuq işlərində xidmətləri olub.

O, Lənkəran şəhər Partiya Komitəsinin təşkilat-partiya işi şöbəsinin müdiri (1971–1972), şəhər Xalq Nəzarəti Komitəsinin sədri (1972–1973), Lənkəran rayon XDS İcraiyyə Komitəsinin sədri (1973–1980), Yardımlı Rayon Partiya Komitəsinin I katibi (1980–1987), Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini (1991–1992), şəhər icra hakimiyyəti başçısının Gərmətük qəsəbəsi üzrə nümayəndəsi (1992–1994) işləyib.

Azərbaycan Kommunist Partiyasının XXIX, XXX və XXXI qurultaylarının nümayəndəsi olub və Mərkəzi Komitənin tərkibinə seçilib.

S. Məmmədov iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Lənkəran Ziyalılar Cəmiyyətinin sədri (1993–1998), Respublika Ziyalılar Cəmiyyətinin idarə heyətinin üzvü (1993–1998) olub. 2008-ci ildən Lənkəran Ağsaqqallar Şurası sədrinin müavini vəifəsini tuturdu.

Eyni zamanda Lənkəran Dövlət Universitetinin valideynlər şurasının (2000-ci ildən) sədri olub. «Gərmətük salnaməsi» kitabının müəlliflərindəndir.

“Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf” nişanı, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif edilib.

6 övladı, 11 nəvəsi, 9 nəticəsi var.

Allah rəhmət eləsin!