Sabiq prezident Ayaz Mütəllibov vəfat etdi. 90-cı illər ilğım kimi əriyir.
Ayaz Mütəllibovla 3-4 dəfə müsahibə almışdım. Uzaq Moskvada yaşayanda, yaxında, Bakıda olanda.
Sonuncu müsahibə isə qismət olmadı.
Əvvəl pandemiya imkan vermədi, sonra eks-prezidentin səhhəti. Sualları göndərməyi xahiş etmişdi. Göndərmişdim. Amma cavabı olmadı.
Suallarım isə çox idi. Cavabsız qaldı.
O qanlı və ağır ildə -1990-cı ildə Azərbaycana rəhbər təyin olunan Ayaz Mütəllibov məktəbli yaddaşımda şıq geyimi və parlaq sifəti ilə qalmışdı. Vəzirov qaçandan sonra gələn yeni başçı sovet ordusunun qırğınından qapqara qaralmış, güllələnmiş, işləməkdən imtina edən azərbaycanlılara “həyat davam edir” şüarı ilə təsəlli verməyə çalışırdı.
Həyat isə tam dəyişmişdi.
SSRİ-nin suqutu başlanmışdı. O isə sanki bunu görmür, qəbul etmək istəmirdi. Müstəqillik uğrunda başlanmış mübarizə Ayaz Mütəllibov üçün anlaşılmaz idi. O, Qarabağ uğrunda gedən etiraz hərəkatının nə üçün azadlıq mücadiləsinə keçməsini anlaya bilmirdi. Qorbaçova xitabən “Qarabağ həll olunmasa nəticəsi pis olacaq” desə də dünyanın altıda birini tutan dövlətin karton ayaqlı nəhəng kimi yıxılacağını heç cür təsəvvür edə bilmirdi.
Ayaz Mütəllibov təsərrüfatçı pariya elitasının nümayəndəsiydi. Siyasi qərarlar qəbul etmək onun üçün həddən artıq ağır məsələ idi. Kuluarlarda siyasi intiraqlardan bəlkə də baş çıxara bilirdi, amma publik və siyasi rıçaqların açıq meydanında bu alınmırdı.
Üstəlik Qarabağ adlı ağır dərd.
Ayaz Mütəllibov Moskvanın bu davanın qarşısını ala biləcəyinə sona qədər inanan adam oldu. Ona görə, Azərbaycanda Milli ordu qurulmasının əleyhinə idi, radikal, SSRİ-nin, Rusiyanın xoşuna gəlməyəcək siyasi demarşlardan qorxurdu. ABŞ dövlət katibi Ceyms Beyker 1992-ci ilin fevralında Bakıya gələndə onu qarşılamaq üçün hava limanına belə getmək istəməmişdi. Vəfa Quluzadənin ciddi israrlarından sonra gedib onu qarşılamışdı.
Ayaz Mütəllibova SSRİ-nin demokratik hərəkatının yetişdirdyi ciddi müxalifət miras qalmışdı. O, həmin qüvvələrlə necə davranacağını bilmirdi. Gah AXC lideri Elçibəyi döydürürdü, gah müxalifəti hədələyirdi, gah da birgə işləməyə çağırıdı. Amma bu nəhəng protest elektoratının nə üçün yarandığını və günü-gündən gücləndiyinin siyasi kodlarını görmürdü, ya da görmək istəmirdi.
Mütəllibov 1991-ci ilin aprelində Çaykənddə keçirdiyi “Halqa-Koltso” əməliyyatı ilə erməni terroçularının böyük hissəsini ərazidən çıxarda bildi. Amma daha da irəli getməyə, SSRİ rəhbərliyi qarşısında sərt tələbələr qoymağa cəsarət etmədi.
Daha sonra SSRİ-də baş vermiş “QKÇP” qiyamı zamanı yol verdiyi dəhşətli səhv – qiyamı dəstəkləməsi kreslosunu laxladan ağır daşa çevrildi.
Onun siyasi komandasının taleyi isə faciəli oldu. Nə qədər qəribə olsa da xalqın Ayaz Mütəllibova olan münasibəti onun komandasına olan isti münasibətindən həmişə fərqlənib. Bəlkə də siyasi tarixin nadir paradokslarındandır: Lider qəbul edilmir, komanda yaxşı adla xatırlanır.
Qarakənddə erməni terroruna tuş gələn vertalyot onun karyerasını və gələcəyini də həll etdi.
O, tək qaldı.
Bundan sonrası isə meydanda laxlayan hakimiyyətini qorumaq üçün spontan və xaotik hərəkət edən Ayaz Mütəllibov qalmışdı.
QKÇP-ni dəstəklədiyi üçün Yeltsinin etimadını itirən, güvəndiyi Qorbaçovu tarixin arixivinə yola salmış Ayaz Mütəllibov Qarabağda başlanmış qanlı müharibənin düz ortasına düşmüşdü. O, SSRİ ərazisində dinc insanların hərbi dəstələr tərəfindən kütləvi qətlinin heç vaxt şahidi olmamışdı, bunu təsəvvür edə bilmirdi.
Amma şahidə çevrildi.
Xocalı onun siyasi hakimiyyətinə çalınan son mismar oldu. Onun hövüllü halda Ter-Petrosyana zəng etməsi, “axı siz dinc adamları necə belə kütləvi öldürə bilrəsiniz?” sualı həm də ödədiyi bir bədəl idi.
Martın 5-də istefa verən gün şıq geyimli Ayaz Mütəllibovdan əsər-əlamət qalmamışdı. Əzgin, zorla danışan rəhbər çıxıb getməsi haqqında bəyanat verdi.
Meydanda xalq bunu eyforiyada qarşıladı.
Onun 1992-ci ilin mayında hakimiyyətə qayıdışı isə baş tutmadı.
Moskvaya qaçmalı oldu.
Moskva həyatı isə uzun və bezdirici keçdi.
2011-ci ildə həmişəlik vətənə qayıtmağa icazə veriləndə Ayaz Mütəllibov sakit və gözəçarpmadan yaşamağı üstünlük verdi. Qayıtdığı ölkədə tam yeni insanlar yaşayırdı. Onlar ötən tarixi pis xatırlayır, şahidi olanlar bunu yada salmamağa çalışırdılar.
O, hərdən şəhərə, bulvara çıxır, şəhər sakinlərinin dinməz baxışları altında tam dəyişmiş, yeni forma almış Bakını seyr edirdi.
Sabiq prezidentin dövranı bitmişdi, indi o, yalnız xatirələri ilə baş-başa qalmışdı.
X.SƏFƏROĞLU