Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Azpost.info müsahibəni təqdim edir:
– Qüdrət bəy, İsraillə İran arasında münaqişə geniş miqyaslı müharibəyə çevrilə bilərmi?
– Ehtimal azdır. ABŞ Türkiyə və ərəb ölkələrinə qarşı qoymaq, lazım olanda onlara təzyiq etmək üçün İranın bütövlüyünü qoruyub saxlamağa çalışır. Böyük müharibə İranın bütövlüyünə son qoya, yeni dövlətlərin yaranması ilə sonuclana bilər. Bunu İranda da, ABŞ-da da başa düşürlər. ABŞ İranda rejimin dəyişdirilib ərəb ölkələrində olduğu kimi qərbyönümlü monarxiya qurulmasında maraqlıdır. Çünki İranda demokratiya olarsa ölkə ən azı federallaşacaq və onun ABŞ-dan idarə olunması çətinləşəcək. İran rəsmiləri bunu bildiyi üçün Prezident səviyyəsində məhz ABŞ-da bəyan olundu ki, rejimin dəyişdirilməsi cəhdi İranın ən azı beş yerə parçalanmasına yol aça bilər. Məhz bu səbəbdən ABŞ İranda yaşayan xalqların milli hüquqlarını heç zaman müdafiə etmir, özünü elə aparır ki, sanki belə bir problem yoxdur. İranın dağılmasının qarşısını almaq üçün ABŞ böyük müharibəyə imkan verməməyə çalışacaq.
– Türkiyə ABŞ-ın NATO üzrə müttəfiqidir. ABŞ niyə İranı Türkiyəyə qarşı qoymağa çalışsın ki?
– Elədir, amma Türkiyə tam sözəbaxan və idarəolunan deyil, öz ambisiyaları var. Türkiyənin güclənməsi türk dövlətlərinin inteqrasiyasına, yeni regional güc mərkəzinin yaranmasına yol aça bilər. Ona görə Türkiyəyə öz NATO üzrə “müttəfiqləri” tərəfindən sanksiyalar tətbiq olunur, müasir silahlar satılmır, Qərb şirkətləri Türkiyədən çıxarılır və s. Türkiyəni müharibəyə cəlb etmək, iqtisadiyyatını çökdürmək istəyirlər. 2011-ci ildə “ərəb baharı” zamanı ABŞ Suriyanın Rusiyanın nəzarətinə keçməsini daha məqbul saydı, nəinki Türkiyə yönümlü qüvvələrin Suriyada hakimiyyətə gəlməsini. İranın Ermənistanı dəstəkləməsində də Qərbin barmağı var.
– ABŞ İranda rejimi dəyişə biləcəkmi?
– Bu, proseslərin gedişindən asılı ola bilər. Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin siyasətə qarışmasının qarşısını aldığı kimi, İranda da İnqilab Keşikçiləri Korpusunun siyasətə qarışmasının qarşısı alınmalıdır. Korpusun generalları siyasi bəyanatlar verməkdən, qonşuları, o cümlədən bizi hədələməkdən çəkinməlidir. Pezeşkian proseslərin dinc yolla inkişafı üçün İranın malik olduğu bəlkə də son şansdır. İsrail də, Qərb də bunu qiymətləndirməli, ona və Ali dini rəhbərə İranın daxilində islahatlar aparmağa kömək etməlidirlər.
– İranla İsrail arasında böyük savaş başlayarsa İran generalları Azərbaycanın infrastrukturuna raket zərbələri endirə bilərmi?
– Bu ehtimal çox azdır. O qədər axmaq deyillər ki, ikinci cəbhə açsınlar. Onlar başa düşməmiş deyillər ki, bunu Türkiyə, Rusiya, Çin, Pakistan, Azərbaycanda böyük maraqları olan Böyük Britaniya və digər ölkələr necə qarşılayar. İran bununla özünün məhvinə fərman vermiş olar. Bundan başqa belə bir avantüra türk Prezident və türk Ali dini rəhbərlə İnqilab Keşikçiləri Korpusunu üz-üzə qoyar. İran əhalisinin 35-40 %-i azərbaycanlılardır. Bu, İranda vətəndaş müharibəsinə yol açar.