ÜST-nin Baş direktoru Tedros Adan Qebreyesus dünyada koronavirusun sürətlə yayılmasından dərin narahatlığını ifadə edib.
TASS-ın verdiyi xəbərə görə, ÜST rəhbəri çərşənbə günü Cenevrədə keçirilən brifinqdə çıxışı zamanı qeyd edib ki, son bir həftə ərzində ölənlərin sayı iki qat artacaq.
Tedros Adan Qebreyesus əlavə edib ki, yaxın günlərdə virusdan ölənlərin sayı 50 minə, yoluxanların sayı isə milyona çatacaq: “Mən infeksiyanın sürətlə artması və qlobal yayılmasından çox narahatam. Xəstəlik hazırda demək olar ki, bütün ölkələrdə və regionlarda mövcuddur”.
Baş direktor vurğulayıb ki, bu günə qədər Afrika və Latın Amerikasında təsdiqlənmiş koronavirusa yoluxma hadisələri nisbətən az saydadır: “Buna baxmayaraq, bu bölgələr üçün yeni virus ciddi sosial-iqtisadi və siyasi nəticələrə səbəb ola bilər. Buna görə də, xəstələrin müəyyənləşdirilməsi və müalicəsi üçün yaxşı hazırlaşmaq son dərəcə vacibdir”.
ÜST rəhbəri inkişaf etməkdə olan ölkələrin borc yükünün yüngülləşdirilməsi, onları iqtisadi tənəzzüldən qorumaq məqsədilə tərəfdarların bu xalqlara daha çox vəsait ayırmalarını tövsiyə edib.