Tiflisdə yoxa çıxan Avstraliya vətəndaşı ölü tapılıb –

"Telefonda qışqıraraq yardım istəyirdi"
01 Avqust 2021 - 11:05

Dünəndən Tbilisidə axtarılan Avstraliya vətəndaşı 31 yaşlı Şanai Brukun meyitinin tapıldığı ehtimal olunur.

Polis onun yardım fəryadı ilə zəng vurduğu yerdə qadın meyitinin tapıldığını təsdiqləyib. Hələlik meyitin məhz ona aid olduğu rəsmən təsdqilənməyib, amma bu haqda artıq onun dostları və axtarışlarda iştirak edən könüllülər bildiriblər.

Şanai Brukun axtarışları 10 saata yaxın davam edib. İyulun 30-da 16:00-da o, Amerikadakı rəfiqəsinə zəng vurub və onlar gündəlik mövzularda söhbət ediblər. amma təxminən yarım saat sonra Bruk həmin rəfiqəsinə zəng vurub və bu dəfə bağıraraq yardım istəyib.

Məlumdur ki, bu zaman Şanai Tbilisinin mərkəzi üzərində ucalan təpənin yüksəkliyində yerləşən Mtatsminda parkı ətrafında gəzişirmiş.

“Səs pis eşidilirdi, o, kimləsə mübahisə edir və əllərini yığışdırmasını tələb edirdi. Çox güman ki, o, telefonda ən son zəng vurduğu nömrəni yığıb ki, yardım istəsin. Qısa müddət sonra əlaqə kəsildi”, – Şanai Brukun rəfiqəsi və həmkarı Ross Tompson “Formula” telekanalına danışıb.

Polis, kinoloqlar və könüllülər onu axşam Mtatsminda dağ parkının ətraflarında və Okrokani rayonunda axtarmağa başlayıblar, axtarışlar bütün gecəni və səhəri, meyit tapılan ana qədər davam edib. Bruk tez-tez bu yerlərdə gəzintiyə çıxırmış, o, fitnes fanatı idi.

Şanai Bruk bir ildən çox Tbilisidə yaşayıb və burada ingilis dili müəllimi işləyib.

Daxili İşlər Nazirliyi 143-cü maddə ilə (qanunsuz azadlıqdan məhrumetmə) cinayət işi qaldırıb.