Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Tofiq Yaqublu 4 il 3 ay müddətinə (ciddi rejimli) azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror T.Yaqublunun 4 il 6 ay müddətinə (ciddi rejimli) azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, 2020-ci il martın 22-də Yaqublu Tofiq Rəşid oğlu idarə etdiyi, özünə məxsus “Toyota Corolla” markalı, 90-CU-515 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 61 saylı ünvanda yolun sağ kənarında dayanmış vəziyyətdən sola yerdəyişmə edib hərəkətə başlayarkən manevr etmə qaydalarını pozaraq eyni istiqamətdə hərəkət edən Cəbrayılov Elxan Səttar oğlunun etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı 90-HA-028 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Fakta görə Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb. (APA)