Yanğın nəticəsində toyunda təxminən 115 nəfərin ölümünə səbəb olan iraqlı gənclər Revan və Hanin faciədən sonra Sky News-a ilk müsahibələrini veriblər.
Azpost.info bildirir ki, yalnız 27 yaşlı Revan jurnalistlərə danışıb, 18 yaşlı həyat yoldaşı hələ də şok vəziyyətindədir. Revan Haninin ailəsindən 10 yaxın qohumunu itirdiyini deyib.
“O, danışa bilmir. Düzdür, biz burada sizin qarşınızda sağ oturmuşuq. Amma içimizdə ölmüşük” -deyə kişi bildirib.
Bundan əlavə, gənc hadisə zamanı necə qaçaraq sağ qalmalarından danışıb. Kişi qeyd edib ki, həyat yoldaşını panikaya düşən kütlənin arasından çıxara bilib: “Mən onu sürükləyərək mətbəxdən və çöldən keçirməyə çalışdım. Amma insanlar təşviş içində qaçaraq Hanını tapdalayıblar. Onun ayaqları zədələnib”, – deyə telekanalın həmsöhbəti əlavə edib ki, baş verən hər şey qorxu filmi kimi olub.
Xatırladaq ki, Sentyabrın 27-nə keçən gecə Əl-Həmdaniyyədə minə yaxın qonağın iştirak etdiyi toy şənliyində qəbul zalında yanğın baş verib. Rəsmi məlumatlara görə, təxminən 115 nəfər həlak olub, daha 150 nəfər yaralanıb.
Azpost.info