Hacıqabul Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Mahir Nuruzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Orxan Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 2 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 22 dekabr 2024-cü il tarixdə, saat 18:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisindən keçən 94-cü kilometrində qeydə alınıb.
Belə ki, Mahir Nuruzadə idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə hərəkətdə olan zaman yolu sağdan sola doğru keçən piyada Tahir Hüseynovu vurub. Yaralı həmin gün Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ölüb.
Hadisədən sonra Mahir Nuruzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi, övladı ifadəsində qeyd edib ki, atası yolu keçən zaman “Toyota Corolla” markalı avtomobil onu vuraraq yerə yıxıb və arxadan gələn avtobus mərhumun sağ qolunun üzərindən keçib.
Sonda zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, onunla barışdığını və Mahirdən heç bir şikayət və tələbinin olmadığını bildirib.