Toyuq qiymətinə çatan file, bahalaşan makaron –Marketlərdə qiymətlər niyə artır?

Bakının supermarketlərində bir sıra ərzaq mallarının qiyməti bahalaşıb.

Azpost.info bildirir ki, gündəlik tələbat malları sayılan müxtəlif məhsulların qiyməti artıb. Məsələn, bir neçə ay əvvəl qiyməti 1 manat olan “Ankara” makaron və vermişlleri hazırda 1 manat 35 qəpiyə satılır. Əvvəl 3 manat 50 qəpiyə satılan toyuq filesi hazırda 7 manat 30 qəpiyə təklif olunur. “Nömrə 1” zavodu 600 qramlıq doğranmış çörəyə 55 qəpik qiymət qoyub.  Bundan başqa bitki yağları, pendir, kəsmikdə bahalaşma var.

Dövlət Statistika Komitəsi son dəfə qiymətlərə bağlı aprel ayında açıqlama yayıb. Orada qeyd edilib ki, cari ilin martında ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının qiymətlərində müşahidə edilib.

Un məmulatlarının 30 faiz bahalaşması ekspertlərin də diqqətindən qaçmayıb. Milli Məclisin sabiq deputatı, iqtisadçı Nazim Bəydəmirli Azpost.info-ya  makaron və vermişelin qiymətinin artmasının səbələrini izah edib.

Ekspertin sözlərinə görə, adətən makaron istehsalı üçün istifadə olunan buğda yüksək kleykovinası və yüksək şüşəliyi olan sortlardan, əsasən 2-ci vəya 1-ci klass buğdadan istifadə olunur: “Azərbaycanda nəinki 1-2 klass hətta 3-cü klass buğda da az yetişdirilir. Rusiyanın taxıl ixracına tətbiq etdiyi aksiz vergisi həm xammalın qiymətini qaldırdı, həm də bizim yerli monopolistlərin daha keyfiyyətsiz un istehsal etməsinə “şərait yaratdı”.

N.Bəydəmirlinin sözlərinə görə, Azərbaycana daha çox 4-cü və 5-ci klass buğda gətirilir və kimyəvi qatqılarla onun keyfiyyət göstəricilərini artırmağa cəhd olunur: “Hökumət un gətirilməsi üzərindən ƏDV-ni götürmüş olsa idi indiki qiymət artımı və keyfiyyətin aşağı düşməsi halı yaşanmazdı”.

Ölkədə son aylarda qiymət bahalaşması deputatların da narahat edib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov  bir müddət əvvəl KİV-ə açıqlamasında bildirib ki, enerji daşıyıcılarının bahalaşması fonunda bahalaşma gözlənilən idi.

“Məhsulların daşınması zamanı nəqliyyat xərcləri onun qiymətinə təsir edən amildir. Necə ola bilər ki, yanacaq bahalaşsın, amma mal-məhsul yox. Yanacağın qiyməti kənd təsərrüfatı məhsullarının qiymətinə də ciddi təsir edir”.

Deputat bununla belə qeyd edib ki, monitorinqlər göstərir ki, bəzi məhsullar obyektiv səbəbdən bahalaşsa da, çoxu sui-istifadə nəticəsində bahalaşıb.Bu səbəbdən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarəti gücləndirməlidir.

Deputat büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqına, həmçinin pensiyalara yenidən baxılmasını təklif edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da qiymət artımı bağlı fikirlərini BBC radiosuna bildirib. Ekspertin fikrincə ölkədə bahalaşma prosesi gedir.

“Enerji resurslarının bahalaşmasının çörəyə təsiri var. Çörək biznesi ilə məşğul adamlar bir qırmızı xəttin sərhəddindədirlər. Çünki dünya bazarında buğdanın, unun qiyməti qalxır, Azərbaycanda isə onu süni saxlamaq istəyirlər. Burada dünya bazarındakı bahalaşmanın da rolu var“, – Eyyub Hüseynov deyib.

Cənab Hüseynov bildirib ki, Azərbaycan hələ dünya bazarına tam inteqrasiya olunmayıb və ölkədə bu sahədə inhisarçılıq mövcuddur.

Azpost.info 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Qurban bayramı münasibətilə xalqı təbrik edib

Sonrakı məqalə

Azərbaycanda narkomanlar ən çox bu şəhərlərdədir –