ABŞ prezidenti Donald Tramp Çikaqodakı cinayətkarlıq vəziyyətini sərt şəkildə tənqid edib.
AzPost bildirir ki, dövlət başçısı İllinoys qubernatoru Cey Pritskerin də ünvanına açıq şəkildə təhqir yağıdırıb.
“Çikaqo nəzarətdən çıxıb. Mer səriştəsiz, qubernator isə avara gönbuldur”, – deyə Tramp Ağ Evdə çıxışı zamanı bildirib.
ABŞ prezidenti federal hüquq-mühafizə orqanlarının şəhərdə səkkiz-on həftə ərzində tamamilə təhlükəsiz şərait qura biləcəyinə inanır. Tramp iddia edir ki, Çikaqo sakinləri federal müdaxilə istəyirlər.
“Qubernator Pritsker, məni eşidirsinizsə, öz işinizi həll edin. Bizi dəvət edin və biz şəhərinizi təhlükəsiz edəcəyik”, – deyə o bildirib.
Daha əvvəl Pritsker Trampın şəhərlərə hərbi hissələri yerləşdirmək qərarına cavab olaraq prezidentin demensiya xəstəliyindən əziyyət çəkdiyini iddia etmişdi. Qubernator Trampın qəsdən Demokrat siyasətçilərin nəzarətində olan şəhərlərə ordu yerləşdirdiyini irəli sürmüşdü.