ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesablarında özünü Papa kimi təsvir edən süni intellektlə yaradılmış foto paylaşıb.
Görüntüdə Tramp ağ rəngli, dik yaxalı, düyməli uzun papa cübbəsi geyinmiş şəkildə qızılı rəngli stulda oturur. Onun sinəsində qızıl xaç, başında isə katolik mitrası – dəfnə çələngi simvolu yer alır.
Sol əli dizinin üzərində uzanıb, sağ əli isə yuxarı qaldırılıb və şəhadət barmağı havaya tuşlanıb. Sağ əlindəki üzük barmağında isə pontifik hakimiyyətinin simvolu sayılan “balıqçı üzüyü” görünür. Bu üzük, İsa Məsihin həvarisi və ilk Papa hesab edilən Pyotrun varisliyini təcəssüm etdirir.
Tramp görüntünü heç bir şərh və ya başlıq əlavə etmədən paylaşıb. Qeyd edək ki, o, daha əvvəl Papa Fransiskin ölümündən sonra pontifik olmaq istədiyini zarafatla dilə gətirmişdi.