Tramp Türkiyəni husilərə qarşı müharibəyə cəlb edə bilər –“Ərdoğan xahişimi yerinə yetirər”

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Yəməndəki husilərin “Ənsar Allah” hərəkatına qarşı hərbi əməliyyatlara qoşulmaq üçün Türkiyəyə müraciət edə biləcəyini istisna etməyib. O, bu barədə Ağ Evin cənub çəmənliyində jurnalistlərə açıqlamasında bildirib.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Jurnalistlər ABŞ liderindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan husilərə qarşı əməliyyata dəstək verməsini istəyib-istəməyəcəyini soruşublar. “Mən bunu edə bilərəm. Bildiyiniz kimi, o, mənim yaxşı dostumdur. Türkiyə prezidentinə böyük hörmət bəsləyirəm. Düşünürəm ki, prezident Ərdoğan ondan nə xahiş etsəm, onu edəcək”, – deyə Tramp cavab verib.

Bununla belə, ABŞ prezidenti artıq Türkiyə liderinə belə bir müraciət edib-etmədiyini və Türkiyənin əməliyyatda iştirakının müzakirə olunub-olunmadığını açıqlamayıb.

Trampın bəyanatı Yəmən ətrafında münaqişənin kəskinləşdiyi bir vaxta təsadüf edib. Son günlər husilər Səudiyyə Ərəbistanındakı obyektlərə, o cümlədən Ər-Riyad hava limanına hücumları gücləndiriblər. Bu zərbələr insan tələfatına və hava nəqliyyatında fasilələrə səbəb olub.

Tramp daha əvvəl ABŞ-ın Səudiyyə Ərəbistanı ilə birlikdə husilərə qarşı zərbələrdə iştirak edə biləcəyini də istisna etməyib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.