ABŞ-a məxsus E-4B Nightwatch təyyarəsi, başqa sözlə, “Qiyamət günü təyyarəsi” prezident Donald Trampın Çinə səfəri və ABŞ-a qayıdışı zamanı onun təyyarəsini müşayiət edib.
Azpost.info bildirir ki, bu barədə noyabrın 19-da “The War Zone” (TWZ) portalı məlumat yayıb.
Nəşrin yazdığına görə, Trampın Çinə səfəri zamanı ABŞ Hərbi Hava Qüvvələrinin sərəncamında olan və “Air Force One” (Birinci bort) funksiyasını yerinə yetirən Boeing 747 tipli hər üç təyyarədən istifadə olunub. Bunlardan ikisi köhnə VC-25A, digəri isə Qətərə məxsus olmuş və sonradan ABŞ-a verilmiş yeni VC-25B (“Bridge”) təyyarəsidir.
Bundan əlavə, prezidentin təyyarələrini daha bir xüsusi təyinatlı Boeing 747 – E-4B Nightwatch müşayiət edib. Bu təyyarə tez-tez “Qiyamət günü təyyarəsi” adlandırılır.
TWZ-nin məlumatına görə, noyabrın 16-da Tramp Vaşinqton yaxınlığındakı Endryus aviabazasından yola düşüb. Filippində qısa dayanacaq etdikdən sonra APEC sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə gəlib.
Həmin vaxt E-4B təyyarəsi Nebraskadan Yaponiyanın Okinava adasında yerləşən ABŞ-ın Kadena aviabazasına köçürülüb. Daha sonra oradan havaya qalxaraq Amerika prezidentinin Çindən ABŞ-a qayıdışı zamanı onu müşayiət edib.
