Trampın hesabat məruzəsi: İclasın sürpriz qonağını elan etdi, general Süleymanini xatırlatdı –

"Amerika erası hələ təzə başlayır"
05 Fevral 2020 - 11:10

Prezident Donald Tramp üçüncü illik hesabat məruzəsinə ABŞ-ın onun hakimiyyəti dönəmində əldə etdiyi iqtisadi nailiyyətləri sadalamaqla başlayıb.

“Daha dörd il” sədaları Senat zalında yüksəldikcə Tramp ölkə boyu rekord aşağı işsizlik, ələlxüsus afro-amerikalılar, qadınlar və veteranlar arasında aşağı işsizlik səviyyəsini önə çəkib: “Mən vədlərimə sadiq çıxıram. Üç qısa il ərzində biz Amerikan süqutu mentalitetini dağıtmışıq və Amerikanın kiçilməsi trayektoriyasını rədd etmişik. Biz bu yaxınlaradək ağla sığmayacaq bir sürətlə irəliləyirik və geri dönmək yoxdur.”

O, iş yerlərinin artımına diqqət çəkərək administrasiyasının nizamlamaları ləğv etməsi sayəsində ABŞ-ın dünyada bir nömrəli neft və qaz istehsalçısına çevrildiyini söyləyib. Amerikada biznes bumunun yaşandığını deyən Tramp dünya iqtisadiyyatının dayağı olaraq Birləşmiş Ştatların rolunu vurğulayıb. Tramp həmçinin ölkədə cinayət səviyyəsinin azaldığını bildirib. ABŞ düşmənlərinin pərən-pərən düşdüyünü bildirən Tramp hərbi qüvvələrin gücləndirildiyini və ölkəyə “yenidən hörmət edildiyini” bəyan edib.

Prezidentin bəzi bəyanatları Demokratların etirazları ilə qarşılansa da zaldakı Respublikaçılar prezidentin iqtisadi uğurlar barədə az qala hər bəyanatını ayaq üstə hərarətli alqışlarla qarşılayıblar. Trampın sürpriz qonaqlarından biri Venesuela müxalifətinin lideri Xuan Quaydo olub. Quaydonu “Venesuela prezidenti” adlandıran Tramp Nikolas Maduronun hakimiyyətini qeyri-legitim adlandırıb və bu hakimiyyətə tezliklə son qoyulacağını bildirib.

Xarici siyasət sahəsində əldə olunan nailiyyətlər sırasında ABŞ prezidenti İŞİD-in süqutunu, İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin və əli yüzlərlə ABŞ əsgərinin qanına batmış İran Generalı Qasım Süleymaninin öldürülməsini önə çəkib.

Tramp aydın etdi ki, o, ABŞ qüvvələrinin Yaxın Şərqdəki müharibələrdə iştirakına son qoymaq əzmindədir, lakin amerikan həyatına qəsd edən terrorçu öz həyatına qəsd etmiş olacaq.

Səhiyyə və təhsil islahatlarına toxunan ABŞ prezidenti sosialist düşüncə tərzini rədd edərək bu sahələrdə dövlət nəzarətinin gücləndirilməsi əleyhinə çıxış edib. Nitqini optimist tonda bitirən Tramp Amerikanın ən yaxşı günlərinin hələ irəlidə olduğunu söyləyib: “Amerika erası, Amerika epopeyası, Amerika macərası hələ təzə başlayır,”- Tramp bildirdi. “Günəş hələ də qalxır, Tanrının izzəti hələ də parlayır.”

Demokratların Trampın nitqinə cavabını Miçiqan Qubernatoru Qretçen Vitmer verib. 10 dəqiqəlik çıxışında Vitmer milyonlarla amerikalının dolanışıqda çətinliklərlə üzləşdiyini önə çəkib. “Demokratlar sizin səhiyyə xidmətinizi yaxşılaşdırmaq istəyirlər. Vaşinqtondakı Resublikaçılar isə onu əlinizdən almaq,” Vitmer dedi. Qızlarının şagirdləri olduğu Şərqi Lansing Orta Məktəbində danışan Miçiqan Qubernatoru səhm birjasındakı artımla insanların güzəranı arasında təzad olduğunu vurğuladı. Bu xüsusda o, xəstələrin dərman pulu, tələbələrin təhsil borclarını ödəməkdə üzləşdikləri problemlərə diqqət yönəltdi.

“Şirkət rəhbərlərinin maaşları artıdğı halda, işçilərin maaşları yerində qalır,” deyə o bildirib.