Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlıq haqqında sazişlərə yenidən baxılması ilə bağlı verdiyi göstəriş Moskvanın yeni geosiyasi və təhlükəsizlik reallığını qəbul etməyə başladığını göstərir.
Bu fikirləri Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli bildirib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi postsovet məkanında formalaşmış təhlükəsizlik sistemini ciddi şəkildə dəyişdirib. Əvvəllər Kremlin təhlükəsizlik çətiri altında olan dövlətlər artıq bu modelin milli maraqlarını tam təmin etmədiyini, əksinə yeni risklər yaratdığını görərək daha müstəqil siyasət yürütməyə başlayıblar.
Əlibəyli qeyd edib ki, xüsusilə Mərkəzi Asiya ölkələri – Qazaxıstan və Özbəkistan təkcə Rusiya ilə deyil, Çin, Türkiyə, ABŞ, Avropa İttifaqı və Körfəz ölkələri ilə əməkdaşlıq imkanlarını da genişləndirirlər. Bu isə Moskvanı köhnə təsir mexanizmlərindən imtina edərək daha çevik əməkdaşlıq modelinə keçməyə məcbur edir.
Sabiq deputat hesab edir ki, Rusiyanın son addımlarını yalnız Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində qiymətləndirmək düzgün deyil. Onun fikrincə, Kreml uzun illər əsaslandığı vahid təhlükəsizlik məkanı modelindən mərhələli şəkildə uzaqlaşır.
“Əvvəllər KTMT hərbi, Avrasiya İqtisadi İttifaqı isə iqtisadi inteqrasiyanın əsas dayaqları hesab olunurdu. Lakin son hadisələr göstərdi ki, postsovet məkanı artıq vahid siyasi məkan deyil. Hər bir dövlət öz milli maraqlarına uyğun çoxşaxəli xarici siyasət yürüdür”, – deyə o bildirib.
Qulamhüseyn Əlibəyli vurğulayıb ki, Ermənistanın faktiki olaraq KTMT-dən uzaqlaşması da təşkilatın əvvəlki siyasi çəkisini itirdiyini göstərən əsas nümunələrdən biridir. Buna görə də Rusiya kollektiv mexanizmlərdən daha çox ikitərəfli əməkdaşlıq formatına üstünlük verməyə başlayır.
Onun sözlərinə görə, Mərkəzi Asiyada yeni geosiyasi model formalaşır. Rusiya təhlükəsizlik sahəsində mövqeyini qorumağa çalışdığı halda, Çin iqtisadi təsirini artırır, Türkiyə və Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanı gücləndirir, Avropa İttifaqı isə enerji və nəqliyyat-logistika marşrutlarına marağını genişləndirir.
Əlibəyli hesab edir ki, bu proseslər fonunda Azərbaycanın geosiyasi əhəmiyyəti daha da artır.
Onun fikrincə, Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiyanın əsas nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir. “Şimal–Cənub” və Transxəzər beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsi, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, eləcə də Zəngəzur istiqamətində nəzərdə tutulan kommunikasiyalar ölkənin strateji rolunu gücləndirir.
Sabiq deputat bildirib ki, Rusiya ilə Mərkəzi Asiya arasında formalaşa biləcək yeni təhlükəsizlik sisteminin iqtisadi dayaqlarından biri məhz Azərbaycan ola bilər.
“Təhlükəsizlik yalnız silahla təmin edilmir. Dəmir yolları, limanlar, enerji marşrutları, rəqəmsal bağlantılar və etibarlı tranzit şəbəkələri də bu sistemin ayrılmaz hissəsidir. Azərbaycan son illərdə məhz bu sahələrdə mühüm üstünlüklər qazanıb”, – deyə o vurğulayıb.
Qulamhüseyn Əlibəylinin qənaətincə, XXI əsrdə dövlətlərin geosiyasi çəkisi artıq təkcə hərbi potensialla deyil, müxtəlif güc mərkəzlərini bir-birinə bağlamaq qabiliyyəti ilə müəyyən edilir və Azərbaycanın artan strateji əhəmiyyəti də məhz bu yeni reallığın nəticəsidir.
Sabiq deputatın sözlərinə görə, Putinin son göstərişi sadəcə iki sazişin yenilənməsi deyil, Kremlin yeni geosiyasi reallığa uyğunlaşmasının ilk əlamətlərindən biridir. Bu reallıqda isə Azərbaycan artıq hadisələri kənardan izləyən deyil, Avrasiyanın yeni siyasi və iqtisadi xəritəsinin formalaşmasına təsir göstərən mühüm aktorlardan biri kimi çıxış edir.