Türk Dövlətlərinin Dini Liderlər Şurası hansı mesajları verdi?

Aprelin 15-də İstanbul mühüm bir hadisəyə şahidlik etdi.  Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderlər Şurasının ilk təsis toplantısı keçirildi.

Bunu son 30 ildə türkdilli dövlətlərin mənəvi bağlantısı üçün qurulan ilk addım saymaq olar. İndiyə qədər bu ölkələr müxtəlif platformalarda əməkdaşlıq edirdilər. Amma Dini Liderlər Şurası daha geniş perspektivlər vəd edir.

Toplantı Türkiyənin Diyanət İşləri Başqanlığının dəvəti, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevin rəhbərliyi ilə baş tutub.

Təsis toplantısında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Tədbirə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Qazaxıstan Müsəlmanları İdarəsinin sədri Müfti Naurızbay Taqanulı, Özbəkistan Müsəlmanları İdarəsinin sədri Müfti Nuriddin Xoliknəzərov və Qırğızıstan nümayəndələri qatılıb.

Toplantıda Şeyxülislam Allahşükür Paşazadə Şuranın təqdimatı məruzəsi ilə çıxış edib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı nəzdində dini liderlərin birliyinin yaradılması ideyası Azərbaycan tərəfindən irəli sürülüb. Prezident İlham Əliyev bu ideyanı müsbət qarşılayıb və təsdiq edib.

Şeyxülislam A.Paşazadə Azərbaycanın hazırladığı Türk Dövlətləri Təşkilatının Dini Liderlərinin Nizamnaməsini iştirakçı ölkələrə təqdim edib. Bu Nizamnamənin dini liderlərin Azərbaycanda keçirilməsi planlaşdırılan ikinci toplantısında qəbul olunacağı gözlənilir.

A.Paşazadə bununla bağlı sentyabr-oktyabr aylarında TDT-nin Dini Liderlərinin ikinci iclasının Bakıda yaxud Şuşada keçirilməsi ilə bağlı dəvəti iştirakçılara çatdırıb.

Türk Dövlətləri Təşkilatının dövlət başçılarının birliyi yarandıqdan sonra bu ölkələr arasında mənəvi birliyin qurulmasında dini, dili, tarixi bir olan türkdilli ölkələrin, xalqların birliyini əhatə edəcək qurum mühüm əhəmiyyət daşıyır. Geopolitik maraq dairələrinin əlinə oynayan islamofobiyanın meydan suladığı bu çətin dövrdə bir-birinə dəstəyə böyük ehtiyac var. Bu platforma həmçinin türkdilli dövlətlərin ortaq mədəni-mənəvi irsini öyrənmək, təbliğ etmək baxımıdan əhəmiyyətlidir. Hər bir ölkənin mədəni sərvəti sayılan abidələrinin, fikir adamlarının, din xadimlərinin tanıtmaq və öyrənmək üçün Şuranın işi faydalı olacaq. Şura həmçinin elm adamlarımızı, filosoflarımızı tanıtmaq, onların irsini öyrənmək, tarixdən boylanan qədim əlyazmalarımızı paylaşmaq, əməkdaşlıq etmək üçün böyük bir müstəvi sayıla bilər.

Təşkilat bu baxımdan dövlətlərin bu sahədə görəcəyi işinin koordinasiyası üçün din xadimlərinin dəstəyni ortaya qoyacaq.

İstanbulda keçirilən toplantı məzhəblərarası vəhdətin təbliği və nümayişi üçün yaxşı imkandır.

Dini Şuranın yaradılmasını aktuallaşdıran Şuşa Bəyannaməsi bunun üçün fundament sayıla bilər.

Yerigəlmişkən, İstanbuldakı toplantı həmçinin türk ölkələrinin Azərbaycanın Vətən Müharibəsində Qələbəsinə dəstək və qardaşlıq mesajı, məzhəb ayrı-seçkiliyi salanlara sərt sillədir.

Mədəni inteqrasiyanı  beynəlxalq siyasətin vacib detalına çevirən Azərbaycan dünyaya yeni çağırışlarını bəyan edib.

Belə tədbirlərin təşəbbüskarı kimi çıxış etmək, eləcə də zirvə görüşünə ev sahibliyi özlüyündə Bakının beynəlxalq arenada nufuzunu möhkəmləndirir, türk dünyasında vahid ictimai rəyin formalaşdırmağa töhfələrini verir.

Azərbaycanın artıq dünyanın nufuzlu dini liderləinin sammitini keçirmək təcrübəsi var. Paytaxtımızda iki dəfə keçirilmiş Dünya Dini Liderlərinin Sammiti bu baxımdan parlaq izini saxlayır.

İstanbul toplantısı Türk dövlətlərində ictimai rəyi formalaşdırmaq baxımından  uğurlu əməkdaşlıq perspektivlərini ortaya qoydu.

Azərbaycanın bu təklifinin işlənib hazırlanmasında QMİ sədrinin rolunu qeyd etməmək olmaz.

Prezident İlham Əliyevin bu təklifinin reallaşdırmaq üçün Şeyxülislam bu aylar ərzində aktiv fəaliyyət göstərib. QMİ sədrinin görüşlərinin qrafikinə baxanda bunu aydın görmək olur. Son aylarda Şeyxin türk dövlətlərinin diplomatları ilə müntəzəm görüşləri bu ideyanın gerçəkləşməsi üçün aparılan işlərin göstəricisi heab etmək olar. QMİ sədrinin sıx görüşləri qızğın müzakirələrdən sonra uğurlu nəticəyə nail olmasını göstərir.

Azərbaycanın bu ideya ilə çıxış etməsi, Qafqaz Müsəlmanları İdarəsinin burada fəal işi Şeyxulislam Allahşükür Paşazadəni dünyanın etimad göstərdiyi nufuzlu din xadimi kimi qəbul olunmasını göstərir.

QMİ sədri A.Paşazadənin istər İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti, MDB dinlərarası Şurasında tutduğu vəzifə, istərsə də müxtəlif dinlərin  rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri Azərbaycanın istinad etdiyi dəyərlər sisteminin dünyaya müncər olunmasında töhfələrini verir.

Ümid edirik ki, yeni Şura türk-İslam mədəniyyətinin təbliğində, xalqların qardaşlığına, dini irsin tanıdılmasına öz unikal töhfələrini verəcək.

Türk Dövlətlərinin Dini Liderlərinin Şurasının ikinci toplantısının Bakıda keçirilməsi təklifi prezident İlham Əliyevin dünyaya bəyan etdiyi tolerantlıq prinsiplərinin, qardaşlıq mesajının və dövlətimizin dini əməkdaşlıq mərkəzi kimi bir daha nümayişi olacaq.

Aydın ABBASOV

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.