Türkiyə Azərbaycanın Gəncə, Lənkəran və Qəbələ şəhərlərində hərbi aviabazalar açacaq.
Bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Azərbaycan Suriya, Qətər, İraq, Sudan, Şimali Kipr Türk Respublikası kimi ölkələrdən sonra Türkiyə hərbi bazalarının yerləşdirildiyi növbəti ölkə ola bilər.
Suriya: Bu ölkədə keçirilən antiterror əməliyyatlarından sonra Suriyanın şimalında minlərlə türk hərbçisinin olduğu ehtimal olunur. Onlar qaçqın problemi, terror təşkilatlarının hücumlarının qarşını almaq kimi missiyaları icra edirlər.
İraq: PKK-ya qarşı aparılan antiterror əməliyyatları çərçivəsində bu ölkənin müxtəlif şəhərlərində Türkiyə hərbi hissələrinin olduğu bildirilir.
Somali: Türkiyə ordusu burada iki vəzifəni yerinə yetirir. 2017-ci ildə paytaxt Moqadişuda açılan Somali Türk Qüvvələri Komandanlığı Somali ordusu üçün zabit kadrları yetişdirir. İkinci fəaliyyət ərazisi isə Ədən körfəzi, Somalinin sahil suları, Ərəb dənizi və ətraf akvatoriyadır. Türkiyə hərbçiləri Türkiyə ticarət gəmilərini dəniz qulduru hücumlarından və soyğunçuluqdan qoruyurlar.
Livan: Türkiyə əsgəri BMT Müvəqqəti Missiyası (UNIFIL) nəzdində vəzifəsini yerinə yetirir. 10 ildən çoxdur ki, Türkiyə UNIFIL-i dəstəkləyir. Bu ölkədəki türk əsgərlərinin sayı 100 nəfərə yaxındır.
Qətər: 2017-ci ildən bəri Türkiyənin bu ölkədə daimi hərbi bazası fəaliyyət göstərir.
Bosniya-Herseqovina: Türkiyə hərbçiləri Bosniya və Herseqovinadakı Beynəlxalq Sülh Qüvvələri nəzdində sülh və sabitliyi təmin etmək üçün fəaliyyət göstərir.
Əfqanıstan: Türkiyə ordusu 11 sentyabr terror aktı ilə bağlı Əfqanıstanda keçirilən hərbi əməliyyatlardan sonra NATO missiyası çərçivəsində bu ölkədə fəaliyyət göstərir. Əfqan ordusunun hazırlanmasına və ölkədə təhlükəsizliyin təmin edilməsinə dəstək verir. Əfqanıstandakı türk hərbçilərinin sayı təxminən 2 min nəfərdir.
Albaniya: 1997-ci ildə Adriatik dənizi sahilində yerləşən Avlonya şəhərində yerləşən hərbi bazada 20 hərbçi olmaqla 250 nəfərədək personal xidmət göstərir. Şimali Kipr: Kiprdəki türk hərbçilərinin sayının 40 min olduğu təxmin edilir. Kiprdəki Türkiyə hərbi varlığı birbaşa Baş Qərargahın nəzdində olan daimi hərbi hissə statusuna malikdir.
Sudan: Prezident Ərdoğanın 2017-ci ildə bu ölkəyə səfərindən sonra Sevakin adasında hərbi baza üçün 99 il müddətinə verilən yer təsis edildi.
Mərkəzi Afrika Respublikası: Türkiyə hərbçiləri bu ölkədə BMT nəzdində Çoxtərəfli İnteqrasiya və Stabillik missiyasında fəaliyyət göstərir.
Mali: Türkiyə hərbçiləri bu ölkədə də Çoxtərəfli İnteqrasiya və Stabillik (MINUSMA) missiyasında fəaliyyət göstərir. (Virtualaz.org)