Türkiyədə “Akkuyu” AES-də çalışan ruslar tətil ediblər –Maaşları verilmir

Türkiyənin Mersin şəhərində Akkuyu atom elektrik stansiyasının tikintisində subpodratçı tərəfindən işləyən fəhlələr son üç ayda maaşlarının verilmədiyini əsas gətirərək işlərini dayandırıblar.

AzPost bildirir ki, AES -i Rusiyanın dövlət enerji şirkəti Rosatom tikir. Tətil edənlər arasında həm Türkiyə, həm də Rusiya vətəndaşları olub.

Aksiya zamanı fəhlələr şüarlar səsləndirərək administrasiya binasına doğru yürüş etməyə cəhd göstərsələr də, jandarma mane olub.

“Haberci” qəzetinin məlumatına görə, jandarma işçilərə qarşı təzyiqli sudan istifadə edərək sərt müdaxilə edib. Akkuyu işçiləri pis iş şəraiti və maaş problemlərinə görə ilk dəfə deyil ki, etiraz aksiyası keçirirlər.

Əvvəlki nümayişlər də hüquq-mühafizə orqanlarının güc tətbiqi ilə müşayiət olunub. Tərəqqiçi Həmkarlar İttifaqları Konfederasiyasına (DİSK) bağlı İnqilabçı İnşaat və Yol İşçiləri Həmkarlar İttifaqı (Dev Yapı-İş) jandarm qüvvələrinin hərəkətlərini pisləyən bəyanat yayıb.

Sota News xəbər verir ki, əmək haqqının ödənilməməsinin əsas səbəbi subpodratçı TSM Enerjidir. Rusiyalı işçilər Rusiyanın “Titan-2” şirkəti vasitəsilə işə götürülür, lakin Türkiyədə onlar TSM Enerji ilə ayrıca əmək müqaviləsi bağlayırlar. Rosatom bu müqavilədən rəsmən kənarlaşdırılıb.

TSM Enerji iyulun 22-də verdiyi sənəddə şirkətin Türkiyə Sosial Müdafiə Təşkilatına (SGK) olan 58 milyon dollar borcunu ödəmək üçün kifayət qədər resursunun olmadığını bildirib. Nəticədə şirkətin aktivlərinə həbs qoyulduğu və fəaliyyətinə xitam verildiyi bildirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.