“Türkiyənin yüksəlişi Qafqazda incə balansı dəyişib” –QƏRB İCMALÇILARI QARABAĞ DAVASI BARƏDƏ NƏ DÜŞÜNÜR?

Sentyabrın 27-dən Ermənistanla Azərbaycanın təmas xəttində hərbi əməliyyatların bərpası dünya mediasının diqqət mərkəzindədir.

“The Financial Times” qəzeti yazır ki, Rusiyanın bu münaqişədə oynadığı ənənəvi rola indi Ankara meydan oxuyur və Türkiyənin Azərbaycanı dəstəkləməsi son qarşıdurmanı daha da mürəkkəbləşdirir.

Qəzet qeyd edir ki, hər dəfə Ermənistanla Azərbaycan arasında mübahisəli ərazilərlə döyüşlər qızışanda Moskvanın tələbilə tərəflər danışıqlar masasına əyləşməli olurdu. Bu dəfə isə Rusiyanın zorakılığı dayandırmaq çağırışları sanki qulaqardına vurulur, Türkiyənin regional qüvvə kimi yüksəlişi həssas Qafqaz dağları regionunda incə balansı dəyişib.

İyul əməliyyatlarında Ankara Bakıya tam dəstək bildirmişdi. Təhlilçilərin fikrincə, bu dəstək Bakını ürəkləndirib.

Karnegi Moskva Mərkəzinin rəhbəri Dmitri Trenin deyir ki, Türkiyənin Azərbaycan vasitəsilə Cənubi Qafqaza getdikcə daha çox cəlbi Rusiyanın elə də xoşuna gəlmir. “Putinlə Ərdoğan heç vaxt əsl müttəfiq olmayıblar, olmayacaqlar da”, – o vurğulayır.

“Ancaq öz paralel maraqlarını önə çəkə, fərqlilik və ziddiyyətləri azalda bilərlər ki, bunlar Rusiya və Türkiyə arasında birbaşa münaqişəyə səbəb olmasın”, – təhlilçi vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Ermənistanı Dağlıq Qarabağın işğalını dayandırmağa çağırıb, Azərbaycana tam dəstək bildirib.

Region üzrə ekspert, “Qara bağ” kitabının müəllifi Tomas de Vaalın fikrincə, bunlar Türkiyənin siyasətində böyük dəyişikliyin göstəricisidir.

“Türkiyə həmişə Azərbaycana siyasi dəstək versə də deyirdi ki, münaqişə dinc yolla həll olunmalıdır… İndi isə böyük regional oyunçulardan biri Azərbaycanı dəstəkləyir”, – o vurğulayıb.

Keçmiş türkiyəli diplomat Sinan Ulgenin fikrincə, Türkiyə və Rusiya ikitərəfli münasibətlərinə ziyan vurmadan münaqişəni həll etməyin yolunu tapmağa çalışacaqlar. O həm də xəbərdarlıq edir ki, münaqişə məsələn, Naxçıvan muxtar vilayətinə yayılarsa, bu, durumu daha da qəlizləşdirər, Suriya və Liviyadakı münaqişə səhnələrindən də betər olar. 1921-ci il sazişinə görə Ankaranın Naxçıvanı qorumaq öhdəliyi var.

“Reuters” agentliyi son əməliyyatların risklərini təhlil edir. Bir sıra ölkələr əməliyyatları dərhal dayandırmağa çağırsalar da, nəticəsi olmayıb.

“Potensial açar Rusiyanın əlindədir: Ermənistanla qarşılıqlı müdafiə paktı var, həmçinin Azərbaycanla yaxşı münasibətlər qurub və münaqişənin yayılmasında maraqlı deyil. Diplomatiyası uğurlu olarsa, döyüşü bitirdiyinə görə ad qazana bilər. Həm də digər cəbhələrdə tənqidlə üzləşdiyi bir məqamda. Prezident Vladimir Putin bazar günü Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb, amma Azərbaycan Prezidenti İlham Əliyevlə danışmağa cəhd edib-etmədiyi bəlli deyil”, – agentlik vurğulayır.

“Reuters” başqa bir məqaləsində toqquşmalar genişlənərsə, neft və qaz ixracına təsir göstərəcəyini yazır. “Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyəti həm də ona görə narahat edir ki, dünya bazarlarına neft və qaz daşıyan böyük kəmərlərin yerləşdiyi regionda təhlükəsizliyi hədələyir”, – OilX konsultasiya şirkəti bildirib.

S&P reytinq agentliyindən isə “Reuters”ə bildirilib ki, onların mövqeyincə, münaqişə “yavaş-yavaş qaynayır”, hazırda enerji təchizatına hədə yaratmır.

Bəs Ermənistan-Azərbaycan toqquşmaları İsrailə hansısa təhdid yaradırmı? “Jerusalem Post” bu suala cavab axtarır. “Körfəz ölkələri ilə yeni sülh sazişləri bağlanır, daha hansı ölkələrin İsraili tanıya biləcəyi müzakirə olunur. Belə bir məqamda Qafqaz çox uzaq görünür”, – məqalədə deyilir.

Ancaq eyni zamanda son əməliyyatlara İsrailin münaqişə tərəfləri ilə münasibətləri kontekstində baxılır. Məsələn, Bakı ilə müdafiə sahəsində ticarət həyata keçirildiyi vurğulanır. “Azərbaycan bir müsəlman ölkəsi olaraq İsrailə xeyli açıq olub… Amma bu münasibətlər mürəkkəbdir. İsrailin Ermənistan-Azərbaycan münaqişəsində tarixi marağı yoxdur. Bu, İsrailin Ukraynanın şərqində Rusiyayla münaqişədəki mövqeyinə oxşardır. Hər iki halda Krım və Dağlıq Qarabağ separatçı ərazilərdir…

İsrail Ukrayna və Rusiya, həmçinin Ermənistan və Azərbaycanla müsbət münasibətlər saxlamağa üstünlük verir”, – məqalədə deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan vətəndaşları Prezidentə yazır:

Sonrakı məqalə

Yerevan S-300 raket komplekslərini Qarabağ istiqamətinə gətirir –