Xaricdə yaşayan azərbaycanlı din xadimləri Azərbaycana səfər edib – Zəfər parkını ziyarət ediblər.
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkil etdiyi “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edib.
AZƏRTAC xəbər verir ki, 50 nəfərdən ibarət heyət sentyabrın 7-də Bakıda yerləşən Bibiheybət məscid-ziyarətgah kompleksini ziyarət edib.
Qonaqlara Bibiheybət məscidinin tarixi, eləcə də onun dini və mənəvi əhəmiyyəti barədə məlumat verilib. Qeyd olunub ki, məsciddə eyni vaxtda 3 minədək insanın namaz qılması mümkündür.
Daha sonra nümayəndə heyəti paytaxtdakı Zəfər parkında olub.
Din xadimlərinə parkın yaradılmasının məqsədi, Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlığın və əldə olunan tarixi Zəfərin gələcək nəsillərə çatdırılması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, təxminən 10 hektar ərazini əhatə edən Zəfər parkının girişində 44 günlük Vətən müharibəsinin rəmzi olaraq Zəfər tağı ucaldılıb. Tağın hündürlüyü 44 metr, eni 22 metrdir və onun konstruksiyasında 44 sütundan istifadə olunub.