Türkiyə kəşfiyyatı:Trampa qarşı sui-qəsdə dair heç bir sübut tapılmayıb

Türkiyənin xüsusi xidmət orqanları ABŞ Prezidenti Donald Trampın NATO sammitində iştirak etmək üçün Ankaraya səfəri zamanı ona qarşı sui-qəsd hazırlandığını təsdiqləyən heç bir əlamət aşkar etməyib.

Azpost.info bildirir ki, bu barədə mənbələrə istinadən Axios portalı məlumat yayıb.

Bundan əvvəl The Wall Street Journal (WSJ) qəzeti və bir sıra İsrail KİV-ləri İsrail xüsusi xidmət orqanlarının ABŞ tərəfinə İranın guya Trampa qarşı Ankarada sui-qəsd hazırladığı barədə kəşfiyyat məlumatı ötürdüyünü yazmışdı.

Axios bildirir ki, mümkün sui-qəsd təhlükəsi ilə bağlı məlumat Türkiyə xüsusi xidmət orqanlarına da təqdim olunub. Lakin aparılan araşdırma və bütün məlumatların yoxlanılmasından sonra Türkiyə kəşfiyyatı belə bir planın hazırlandığını təsdiqləyən hər hansı fakt aşkar etməyib.

Bununla belə, portalın məlumatına görə, İsrail tərəfinin ötürdüyü xəbərdarlıq ABŞ xüsusi xidmət orqanlarını əlavə təhlükəsizlik tədbirləri görməyə vadar edib. Məlumata əsasən, məhz bu xəbərdarlıq səbəbindən Donald Tramp Türkiyədən ayrılarkən istifadə edəcəyi təyyarə dəyişdirilib.

Daha sonra The Wall Street Journal öz mənbələrinə istinadən yazıb ki, ABŞ rəsmiləri İsrailin Trampa qarşı İran tərəfindən hazırlanması iddia edilən sui-qəsdlə bağlı təqdim etdiyi məlumatları tam inandırıcı hesab etməyiblər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.