Atəşkəsdən sonra Türkiyə Ukraynaya sülhməramlı qüvvələr göndərə bilər.
AzPost bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat açıqlamasında deyilir.
Bəyanatda qeyd olunur ki, Türkiyə Rusiya-Ukrayna müharibəsində davamlı atəşkəsin yaradılmasına yönəlmiş bütün konstruktiv təşəbbüsləri dəstəkləməyə hazırdır: “Beynəlxalq sülhməramlı missiyanın bir hissəsi olaraq Ukraynaya türk qoşunlarını göndərmək üçün əvvəlcə atəşkəsə nail olmaq, sonra isə məsuliyyətlərin dəqiq bölüşdürülməsi və hər bir ölkənin töhfəsinin müəyyən edilməsi ilə missiyanın formalaşdırılmasına başlamaq lazımdır.”
Bəyanatda həmçinin vurğulanır ki, Türkiyə Qara dənizdə təhlükəsizliyin və sabitliyin, eləcə də mümkün atəşkəsdən sonra naviqasiyanın təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş hərbi planlaşdırmaya rəhbərlik edir: “Türkiyə regional suverenlik prinsipi çərçivəsində Qara dənizdə tarazlığı təmin edən və regionun təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edən Montrö Konvensiyasını diqqətlə, məsuliyyətlə, qərəzsiz və güzəştsiz şəkildə tətbiq edib və tətbiq etməyə davam edəcək.”