Türkiyə və BMT hərəkətə keçdi –Rusiya və Ukrayna Qara dənizdə atəşkəsi müzakirə edəcək

Türkiyə və Birləşmiş Millətlər Təşkilatının Rusiya və Ukraynanın iştirakı ilə Qara dənizdə atəşkəs məsələsinə dair yeni danışıqlar keçirməyə hazırlaşdığı bildirilir.

“Bloomberg”ə danışan diplomatik mənbənin məlumatına görə, görüşlər oktyabrın əvvəlində keçiriləcək. Yeni təşəbbüs Qara dəniz hövzəsində Rusiya və Ukraynanın limanları ilə bağlı məhdudiyyətlərin dünya ərzaq qiymətlərinə təsir göstərdiyi bir vaxtda gündəmə gəlib.

Yeni təşəbbüs necə hazırlanıb?

Məlumata görə, yeni diplomatik təşəbbüs sentyabrın sonunda BMT Baş Assambleyası çərçivəsində Türkiyə, ABŞ, Avropa ölkələri, Misir və Hindistan nümayəndələrinin iştirakı ilə müzakirə olunub.

“Bloomberg”in tanış olduğu görüş sənədlərində iştirakçıların “qarşılıqlı faydalı razılaşma” hazırladığı bildirilir.

Təklifin əsas istiqamətlərinə Qara dənizdə kommersiya gəmiçiliyinin sərbəstliyinin təmin edilməsi, limanların, eləcə də enerji infrastrukturunun qorunması daxildir.

Yeni danışıqlarda 2022-ci ildə həyata keçirilən Qara dəniz taxıl təşəbbüsünün təcrübəsindən istifadə edilməsi nəzərdə tutulur. Həmin mexanizm Ukrayna kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə dünya bazarlarına çıxarılmasına imkan vermişdi.

Moskvanın mövqeyi nədir?

Yeni təşəbbüsün qarşısında əsas məsələlərdən biri Rusiya və Ukraynanın qarşılıqlı hücumlarla bağlı mövqelərinin uzlaşdırılmasıdır.

Məlumata görə, oktyabrın 1-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna gəmilərinə zərbə endirməmək təklifindən imtina edəcəyini bildirib. Bunun qarşılığında Rusiyanın neft emalı zavodlarına hücumların dayandırılması təklif olunub.

Beləliklə, yeni danışıqların gündəliyində təkcə kommersiya gəmiçiliyi və limanların təhlükəsizliyi deyil, Qara dənizdə hərbi qarşıdurmanın məhdudlaşdırılması məsələsi də dayanır.

Yeni təşəbbüsün 2022-ci il taxıl razılaşmasının modelini nə dərəcədə təkrarlaya biləcəyi isə danışıqların gedişindən asılı olacaq.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.