1993-cü ildən bəri ümumi keçidlərə bağlı olan Türkiyə–Ermənistan sərhədinin 1 yanvar 2026-cı ildən etibarən ilk mərhələdə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmasının planlaşdırıldığı iddia edilir.
AzPost xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Sərhədin ilk mərhələdə yalnız üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması nəzərdə tutulur.
Ermənistan Baş Naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Türkiyə sərhədində müasir infrastruktur və qabaqcıl texnologiya ilə təmin olunması üzərində çalışır.
Türkiyə ilə Ermənistan arasında sərhədin yenidən açılmasına dair iddialar yenidən gündəmə gəlib. Rusiyalı Lenta xəbər saytına istinadla bildirilib ki, Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıc tərəfindən İrəvana təqdim edilən rəsmi sənəddə sərhədin 1 yanvar 2026-cı ildə açılmasının planlaşdırıldığı qeyd olunub.
Sənəddə ilk mərhələdə keçidlərin yalnız üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri ilə məhdudlaşdırılması göstərilib. Eyni zamanda, Gürcüstan vasitəsilə Ermənistana yük daşımaları üçün tranzit təklifinə dair məlumat da yer alıb.
Erməni qəzeti Hraparak isə Türkiyənin iki ölkə arasında birbaşa yük daşımalarına hələ hazır olmadığını qeyd edib.
Ermənistan Baş Naziri Nikol Paşinyan isə 2 gün əvvəl açıqlamasında, Prezident Ərdoğanın 2026-cı ildə ikitərəfli münasibətlərdə müəyyən addımların atılacağına dair sözlərinə istinad edərək, “İkili dialoqumuz çərçivəsində artıq simvolik və qeyri-simvolik, daha geniş və konkret addımların atılmasının vaxtı gəlib və ümid edirəm ki, bu addımlar həyata keçiriləcək” ifadəsini işlədib.
Paşinyan dəmir yolu layihəsinin bu prosesdə ilk addım ola biləcəyini qeyd edib və sərhəd və gömrük məntəqələrində müasir infrastruktur və qabaqcıl texnologiya ilə təmin olunması üzərində çalışdıqlarını vurğulayıb. Həmçinin bu infrastruktur Ermənistan–Azərbaycan, Ermənistan–Gürcüstan, Ermənistan–İran və Ermənistan–Türkiyə sərhədlərində də istifadə olunacaq.