İyunun 5-də axşam saatlarında Ukrayna diversiya-kəşfiyyat qrupu Xarkov vilayətinin Masyutovka rayonunda Tolyatti-Odessa ammonyak boru kəmərini partladıb.
Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
“İyunun 5-də Moskva vaxtı ilə saat 21:00 radələrində Xarkov vilayətinin Masyutovka kəndi ərazisində Ukraynanın təxribat-kəşfiyyat qrupu Tolyatti-Odessa ammonyak boru kəmərini partladıb”, – deyə məlumatda bildirilir.
“Hadisə nəticəsində Rusiya hərbçiləri xəsarət almasa da, mülki əhali arasında yaralananlar da var. Onlara bütün lazımi tibbi yardım göstərilib”, – deyə bildirilib.
Bundan əvvəl Rusiya taxıl sazişinin müzakirəsi çərçivəsində Tolyatti -Odessa ammonyak boru kəmərinin istismarının bərpası tələbini irəli sürüb. Bu boru ildə 2,5 milyon tona qədər ammonyak nəql etmək üçün nəzərdə tutulub.
“Röyter”in məlumatına görə, bu, hazırda taxıl müqaviləsinin daha da uzadılması üçün şərtlərdən biridir. Kiyev Rusiya ammonyakının ərazisindən tranzitinin bərpası üçün öz şərtlərini irəli sürüb.
Şərtlər arasında daha çox mal və limanlar üçün taxıl müqaviləsinin genişləndirilməsi var. Rusiya Xarici İşlər Nazirliyi bu yolla sövdələşmənin şərtlərinin genişləndirilə bilməyəcəyini vurğulayıb.
Taxıl müqaviləsi 2022-ci il iyulun 22-də Türkiyə, BMT, Rusiya və Ukrayna nümayəndələri tərəfindən bağlanıb.
Azpost.info
