Ukrayna pilotsuz uçuş aparatları (PUA) avqustun 4-də səhər saatlarında Rusiyanın Samara vilayətində yerləşən Sızran Neft Emalı Zavoduna (NEZ) yenidən zərbə endirib. Bu müəssisə bundan əvvəl iyulun ortalarında da hücuma məruz qalmışdı.
Bu barədə Ukraynanın Supernova və Exilenova+ monitorinq resursları məlumat yayıb.
Məlumata görə, ildə təxminən 800 min ton benzin və 1,5 milyon ton dizel yanacağı istehsal edən zavodda yanğın baş verib. Sosial şəbəkələrdə və teleqram kanallarında müəssisənin üzərində qalxan tüstü sütununu əks etdirən fotolar yayılıb. Zavodun ümumi emal gücü ildə 8,5 milyon ton təşkil edir.
Hadisə ilə bağlı Rusiya hakimiyyəti hələlik rəsmi açıqlama verməyib. Rusiya Müdafiə Nazirliyinin səhər yaydığı operativ məlumatda Samara vilayətinin adı çəkilmir. Bununla belə, gecə saatlarında bölgədə PUA təhlükəsi elan olunmuşdu.
Xatırladaq ki, 12 iyul tarixində baş vermiş əvvəlki hücumdan sonra Sızran Neft Emalı Zavodu qurğularından birinin zədələnməsi səbəbindən fəaliyyətini müvəqqəti dayandırmışdı.
Bundan başqa, Tver vilayətində pilotsuz uçuş aparatları Wildberries şirkətinin 77 min kvadratmetr sahəyə malik anbarına da hücum edib.
Vilayətin qubernatoru Vitali Korolyov bildirib ki, gecə hücumunun dəf edilməsi zamanı PUA qalıqları anbar binasının divarını qismən zədələyib.
Söhbət Tver şəhərinin şərq hissəsində, Kalinin rayonunda yerləşən logistik mərkəzdən gedir. Yerli sakinlərin sözlərinə görə, gecə saat 03:00 radələrindən etibarən həmin ərazidə güclü partlayış səsləri eşidilib.
Qubernatorun məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
“Ostorojno, Tver” teleqram kanalı isə anbar ərazisindən insanların təxliyə olunmasını əks etdirən görüntülər yayıb.
Bildirilib ki, 2025-ci ilin dekabrında istifadəyə verilmiş logistika mərkəzinin fəaliyyəti müvəqqəti dayandırılıb və əməkdaşlar təxliyə olunublar.
Məlumata görə, bundan əvvəl də Moskva vilayətinin Çexov şəhərində və Leninqrad vilayətinin Krasnıy Bor qəsəbəsində yerləşən Wildberries anbarları pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmışdı.