Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Rişi Sunak təhlükəsizlik sazişi imzalayıblar.
Azpost.info xəbər verir ki, saziş Ukrayna NATO-ya üzv olana qədər qüvvədə olacaq.
“Ukrayna ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş” adlı sənəd Kiyevdə Mariinski sarayında keçirilən danışıqlardan sonra iki ölkə liderləri tərəfindən imzalanıb.
Bu sazişlərlə bağlı G7 üzvləri ilə ilkin razılaşma NATO-nun Vilnüs sammitində əldə olunub. Britaniya sənədi imzalayan ilk ölkədir.
Prezident Vladimir Zelenski imzalamadan sonra bildirib ki, Böyük Britaniyanın bu sənəd üzrə öhdəlikləri Ukrayna NATO-ya daxil olana qədər qüvvədə qalacaq.
“Əgər 1991-ci ildə Britaniya ilə belə zəmanətlər əldə edilsəydi, o zaman müharibə başlamazdı”, – Zelenski deyib.
Baş nazir Rişi Sunak bildirib ki, razılaşmaya əsasən, Rusiya gələcəkdə Ukraynaya yenidən hücum edərsə, Britaniya Ukraynaya sürətli və davamlı dəstək verməyi öhdəsinə götürəcək. Bundan başqa, Britaniya bu il Ukraynaya 2,5 milyard funt sterlinq hərbi yardım ayəracaq. Vəsait həmçinin uzaq mənzilli raketlər, hava hücumundan müdafiə sistemləri, mərmilər və dəniz təhlükəsizliyi üçün istifadə olunacaq.
London Kiyevlə kəşfiyyat məlumatlarını bölüşməyə, kibertəhlükəsizlik sahəsində kömək etməyə, hərbi personal və hərbi həkimlərə təlim keçməyə davam edəcək.
Azpost.info