Ukraynada hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb –

YENİLƏNİB
25 Sentyabr 2020 - 23:14

 

Ukraynanın Xarkov vilayətində baş vermiş təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Xarkov vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksey Kuçer bildirib.

Məlumata görə, insident nəticəsində 22 nəfər ölüb, iki nəfər sağ qalıb, daha 4 nəfərin taleyi məlum deyil.

“Hadisə yerindəyik. İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 28 nəfər olub, onların arasında 7 zabit, 21 kursant olub. Təəssüf ki, 22 nəfər ölüb, 2 nəfər sağ qalıb (1 nəfər ağır vəziyyətdədir), hazırda dörd nəfərin taleyi məlum deyil. Həyatları üçün dua edirik, təcili tibbi yardım göstəririk”, – deyə Kuçer özünün “Telegram” səhifəsində yazıb.

Bu rəqəmlər Ukraynanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti tərəfindən də təsdiqlənib.

**

Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında “An-26” tipli hərbi təyyarə qəzaya uğrayıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyindəki mənbə bildirib.

Məlumata görə, təyyarənin göyərtəsində kursantların olduğu bildirilir. Hadisə yerli vaxtla 20:45-də Çuquyev şəhəri yaxınlığında baş verib. Təyyarədə Xarkov Hava Qüvvələri Universitetinin kursantlarının təlim uçuşunun həyata keçirildiyi deyilir.