Ukraynanın növbəti onillikdə yenidənqurma və iqtisadi inkişaf üçün maliyyə ehtiyacları təqribən 800 milyard dollar həcmində qiymətləndirilir.
Bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko Kiyevdə avropalı tərəfdaşlarla iqtisadi danışıqlar prosesini müzakirə edərkən bildirib.
Onun sözlərinə görə, son bir neçə həftədir Ukrayna komandası ABŞ ilə müharibə iqtisadiyyatı və uzunmüddətli rifah və təhlükəsizliyə keçid kontekstində növbəti addımları fəal şəkildə müzakirə edir.
“Bizim bir çox qurumlarımız, o cümlədən Dünya Bankı var ki, onlar donor platforması çərçivəsində yenidənqurma və bərpa ehtiyaclarını qiymətləndirmək üçün sistemli iş aparıblar”, – deyə Baş nazir bildirib.
O qeyd edib ki, bu əməkdaşlıq nəticəsində növbəti on il üçün ehtiyacları, ilkin şərtləri, mexanizmləri və investisiya istiqamətlərini aydın şəkildə müəyyən edən Ukraynanın çiçəklənməsi üçün çərçivə hazırlanıb.
“Bugünkü nöqteyi-nəzərdən Ukraynanın maliyyə ehtiyacları böyükdür. Bu, 800 milyard dollar təşkil edir ki, buraya makromaliyyə sabitliyi, itkilərin kompensasiyası, yenidənqurma, bərpa və iqtisadi artımın maliyyələşdirilməsi daxildir. Buraya müdafiənin maliyyələşdirilməsi daxil deyil”, – deyə Baş nazir əlavə edib.
O vurğulayıb ki, səmərəli təhlükəsizlik təminatları zamanla maliyyə ehtiyaclarını azalda bilər, çünki təhlükəsizlik iqtisadiyyatın bərpası üçün əsas şərtdir. Baş nazir, həmçinin diqqətə çatdırıb ki, makromaliyyə sabitliyi investisiyaların cəlb edilməsi və Ukraynanın investisiya cəlbediciliyinin artırılması üçün əsasdır.