Ukrayna hərbi hava qüvvələri mayın 16-da səhər saatlarında Rusiyanın hava hücumlarına cavab verərkən F-16 qırıcı təyyarəsinin itirilməsi barədə məlumat yayıb.
AzPost -nun məlumatına görə, bildirilib ki, F-16 qırıcısının göyərtəsində “qeyri-adi vəziyyət” yaranıb. Həmin vaxt qırıcı təyyarə Rusiya ordusunun hava hücumunu – dronları dəf etməkdə iştirak edirmiş və onunla əlaqə kəsilib.
Pilot katapult olunub və qəzaya düşən yerdən təxliyə edilib. Onun vəziyyətinin stabil olduğu və həyatı üçün heç bir təhlükə olmadığı bildirilib.
Bu, müharibənin başlanğıcından bəri itirildiyi məlum olan ABŞ istehsalı üçüncü Ukrayna qırıcı təyyarəsidir. Birincisi 2024-cü il avqustun 26-da Rusiya hava zərbəsini dəf edərkən qəzaya uğrayıb. Qəza nəticəsində pilot həlak olub.
Ukrayna ilk F-16-larını 2024-cü ilin yayında Qərb müttəfiqlərindən alıb. İndiyədək Ukraynaya bu tipli neçə qırıcının ötürüldüyü gizli saxlanılır.