“Ümid edirəm bizə “küçə yeməyi” ilə “fast- food”un fərqini izah edərlər” –Tahir Əmiraslanov Orxan Fikrətoğluna sual göndərdi

 
Milli Kulinariya Mərkəzinin baş direktoru Orxan Fikrətoğlu jurnalistlərə açıqlamasında bildirib ki, bu günə qədər Azərbaycanın rəmzinə çevrilən küçə yeməyi, yəni “street food”u yoxdur.
Azpost.info-nun məlumatına görə, O. Fikrətoğlu bildirib ki, Azərbaycanın küçə yeməyinin nəinki ölkədə, eyni zamanda Qafqazda və dünyada dəb halına salınması üzərində işləyirlər: “Yeni avadanlıqda, yeni formatda işləyə bilən aşpazların yetişdirilməsinə çalışırıq. Ümumiyyətlə, bu sahənin təkcə mətbəx anlayışında qalmaması çox mühümdür”.
Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru, tanınmış kulinar Tahir Əmiraslanov isə “küçə yeməyi” anlayışına aydınlıq gətirilməsini istəyib: “Ümid edirəm ki, bundan qabaq bizə “küçə yeməyi”nin  (street food) tezbazar yeməkdən (fast food) nə ilə fərqləndiyini izah edərlər”. 
T.Əmiraslanov bu yemək menyüsünün formalaşcağını da şübhə edib: “Milli mətbəxdə bunların hansı ənənələri və elementləri var və bu yeməklər necə təklif olunacaq? Bu Mərkəzin əsas funksiyasları ilə necə uzlaşır? Nə üçün bu istiqamət seçilib?”-deyə məşhur kulinar suallar ünvanlayıb.
Onun sözlərinə görə, milli mətbəxin qorunması çox mühümdür: “Bəs milli mətbəxi məqsədyönlü plagiatdan kim müdafiə edəcək? Kim onu yığacaq, öyrənəcək və tətbiq edəcək?  Nə qədər qədim və unudulmuş xörəklərimiz öyrənilib, bir yerə yığılıb və qaytarılıb?”
Qeyd edək ki, Tahir Əmiraslanov 2022-ci ilin may ayında Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən çıxarılıb.
Azərbaycan Milli Kulinariya Mərkəzi 1991-ci ildə yaradılıb. Azərbaycanın mətbəx mədəniyyətinin yığılması, öyrənilməsi və təbliği ilə məşğul olan AMKM ölkənin aparıcı kulinarlarını, alim və mütəxəssislərini birləşdirir. 1992-ci ildən Ümumdünya Kulinariya Təşkilatları Birliyinin (ÜKTB), 1998-ci ildə isə YUNESKO-nun Xalq Yaradıcılığı Təşkilatının Ənənəvi Qida Komitəsinin üzvüdür.
Azpost.info
Əvvəlki məqalə

Minsklə Tehran arasında birbaşa reyslər açılacaq

Sonrakı məqalə

Yevlaxda kişi arvadını, onun dayısını və qayınanasını bıçaqladı