Unibankın şəxsi kabinet xidmətinə daxil olmaq istəyən bəzi müştərilər bunun artıq mümkün olmadığını bildirirlər.
AzPost.az xəbər verir ki, istifadəçilərin sözlərinə görə, bankın əvvəl mövcud olan internet üzərindən şəxsi kabinet xidməti ləğv edilib və bütün əməliyyatlar yalnız mobil tətbiq üzərindən həyata keçirilir.
Müştərilər qeyd edir ki, şəxsi kabinetə daxil olmaq istəyərkən sistemə giriş mümkün olmur. Məsələ ilə bağlı bankın qaynar xətti ilə əlaqə saxlayan istifadəçilərə bildirilib ki, bu xidmət artıq aktiv deyil və əməliyyatlar üçün mobil tətbiqdən istifadə tövsiyə olunur.
Bu vəziyyət isə xüsusilə kompüterdən istifadə edən və ya müxtəlif səbəblərə görə mobil tətbiqdən yararlanmayan müştərilər üçün çətinlik yaradır. Onların sözlərinə görə, əvvəllərbank hesabına daxil olmaq, ödəniş və digər əməliyyatları yerinə yetirmək daha rahat idi.
İstifadəçilər hesab edir ki, bütün xidmətlərin yalnız mobil tətbiq üzərindən təqdim edilməsi bəzi müştəriləri bank xidmətlərindən istifadə baxımından məhdudlaşdıra bilər. Xüsusilə yaşlı insanlar və ya tətbiq quraşdırmaq imkanı olmayan şəxslər üçün bu vəziyyət əlavə çətinlik yaradır.