Ürək sağlamlığının qorunmasında qidalanma tərzi nə qədər vacibdir?

28 Avqust 2020 - 23:06

Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Samir Mustafayev “Həkim məsləhəti” rubrikasında “Ürək sağlamlığının qorunmasında qidalanma tərzi nə qədər vacibdir?” sualını cavablandırıb.

Qidalanma ürəyin sağlam olmasında çox vacib rol oynayır. Ürək üçün faydalı olan dərmanlardan əlavə, digər yanaşmalar da var. Məşq və pəhriz aparıcıdır. Həftədə minimum 150 dəqiqə sürətli tempdə gəzmək kifayətdir. İstər həftədə 75 dəqiqə, istərsə də 5 gün ərzində 30 dəqiqə idmanla məşğul olmaq və bunu həyat tərzinə çevirmək lazımdır. Ürək-damar xəstələri əsasən tərəvəz və meyvələrə üstünlük verməlidir, qırmızı əti mümkün qədər azaltmaq tövsiyə olunur.

Burada iki qidalanma tərzini xüsusilə vurğulamalıyıq: Birincisi, duzun miqdarını azaltmaq lazımdır. Duz təzyiqin yüksəlməsinə yol açır, bu isə ürək çatışmazlığına, infarkta və qəfil ölümə səbəb ola bilər. Duzdan nə qədər az istifadə etsəniz, ürəyiniz bir o qədər sağlam işləyəcək. Digər vacib məqam yağsız yeməklərdir. Əsasən qızartma yeməklərdən uzaq durmağa çalışın, yağlı yeməklər damar divarlarında yağ lövhələrinin meydana gəlməsinə səbəb olur ki, bu da gələcəkdə infakt və insult yaranması riskini artırır. Qırmızı ət və ya digər qidalar yeyərkən, qızartmaq əvəzinə qaynatmağı və ya sobada bişirməyi məsləhət görürük.