Harvard Universitetinin alimləri 30 il ərzində 200 min insanın qidalanma vərdişlərini izləyərək mühüm nəticəyə gəliblər: ürək xəstəliklərinin qarşısını almaq üçün əsas məsələ karbohidrat və ya yağ miqdarını azaltmaq deyil, qidaların keyfiyyətli və sağlam mənbədən gəlməsidir.
AzPost bildirir ki, bu araşdırma T.H. Chan Xalq Sağlamlığı Məktəbi tərəfindən aparılıb və nəticələr Qidalanma 2025 adlı beynəlxalq konfransda təqdim olunub.
Mütəxəssislər araşdırma iştirakçılarını pəhrizlərinin keyfiyyətinə əsasən müxtəlif qruplara ayırıb. Aydın olub ki, az karbohidratlı və ya az yağlı, lakin bitki əsaslı və balanslı qidalanma forması ürək xəstəliyi riskini 15 faizədək azalda bilir. Buraya tam taxıllar, tərəvəzlər, meyvələr, qoz-fındıq və paxlalılar daxildir.
Eyni zamanda, bu pəhriz növlərinin qeyri-sağlam versiyaları – məsələn, rafinə olunmuş karbohidratlar, işlənmiş ətlər və doymuş yağlar ürəyə zərər verə bilər və xəstəlik riskini artırır.
Araşdırmanın müəllifi Zhiyuan Wu qeyd edib ki, əsas məsələ qidaların tərkibi və mənşəyidir: “Nə qədər yağ və ya karbohidrat yediyiniz deyil, onların haradan gəldiyi vacibdir. Sağlam yağ və karbohidrat mənbələri ürək üçün faydalıdır, zərərli olanlar isə risk yaradır.”