Qidalanmanın dəyişdirilməsi, duz qəbulunun azaldılması və müntəzəm fiziki aktivlik yüksək arterial təzyiqə nəzarət etməyə kömək edir. Bu qənaətə ABŞ-ın bir neçə tibb müəssisəsinin tədqiqatçıları gəlib.
Araşdırmanın nəticələri “Current Hypertension Reports” jurnalında dərc olunub.
Alimlərin ən effektiv üsullardan biri hesab etdiyi yanaşmalardan biri DASH pəhrizidir. Bu qidalanma modelində tərəvəz, meyvə, tam taxıllı məhsullar və az yağlı süd məhsullarına üstünlük verilir, doymuş yağların qəbulu isə məhdudlaşdırılır. Bu pəhrizin qan təzyiqinə müsbət təsiri hətta çəkinin azalmasından və duz qəbulunun məhdudlaşdırılmasından asılı olmayaraq müşahidə olunur.
Amerika Ürək Assosiasiyası və Amerika Kardiologiya Kollecinin 2025-ci il üçün tövsiyələrinə əsasən, gündəlik natrium qəbulu 2300 milliqramdan çox olmamalı, ideal halda isə 1500 milliqramla məhdudlaşdırılmalıdır. Eyni zamanda, əsasən qida məhsullarından kifayət qədər kalium qəbul etmək vacibdir. Lakin böyrək funksiyasında pozğunluq olan və müəyyən dərmanlar qəbul edən insanlar üçün kalium tərkibli duz əvəzediciləri təhlükəli ola bilər. Çünki bu, qanda kalium səviyyəsinin həddindən artıq yüksəlməsinə səbəb ola bilər.
Çəkinin azaldılması da qan təzyiqinin aşağı düşməsinə kömək edir. Hətta cüzi arıqlama belə sistolik təzyiq göstəricisini azalda bilər. Müntəzəm fiziki məşqlər isə bu təsiri gücləndirir. Ən nəzərəçarpan nəticə həftədə təxminən 150 dəqiqə davam edən aerob məşqlər zamanı müşahidə olunub.
ENCORE tədqiqatı göstərib ki, DASH pəhrizinin kalori məhdudiyyəti və fiziki məşqlərlə birləşdirilməsi qan təzyiqinin aşağı salınmasında təkcə pəhriz saxlamaqdan daha effektivdir.
Bununla yanaşı, qidalanmanın müəyyən saat aralığında həyata keçirildiyi intervallı qidalanmanın faydaları barədə elmi sübutlar hələlik kifayət qədər deyil. Tədqiqatlardan birində eyni miqdarda kalori qəbul edildiyi halda bu üsul adi qidalanma rejimi ilə müqayisədə daha çox çəki itkisi təmin etməyib.
Alimlər həmçinin alkoqol qəbulunu məhdudlaşdırmağı və kofein miqdarına nəzarət etməyi tövsiyə edirlər. ABŞ-ın tövsiyələrinə görə, gündəlik kofein qəbulu 300 milliqramı keçməməlidir. Təzyiqi xeyli yüksək olan və çətinliklə nəzarətdə saxlanılan şəxslərə isə qəhvəni gündə bir fincanla məhdudlaşdırmaq məsləhət görülür.
Alkoqol qəbulunun azaldılması xüsusilə müntəzəm və çox miqdarda spirtli içki qəbul edən insanlar üçün vacibdir.
Təzyiqi kəskin yüksəldə bilən maddələr arasında kokain, metamfetamin və bəzi bitki mənşəli əlavələr də var. Bunlara yohimbe, efedra və acı portağal daxildir. Biyan kökü də çox miqdarda qəbul edildikdə qan təzyiqini yüksəldə bilər.
Nəfəs məşqləri, yoqa və meditasiya qısa müddət ərzində müsbət təsir göstərə bilər. Lakin onların effektivliyini təsdiqləyən elmi sübutlar hələlik məhduddur. Tədqiqatçılar davamlı nəticə əldə etmək üçün uzunmüddətli dəstəyin və sağlam qidalanma imkanlarının vacibliyini vurğulayırlar.
Alimlər xüsusi olaraq qeyd edirlər ki, həyat tərzinin dəyişdirilməsi zəruri hallarda dərman müalicəsini əvəz etmir. Qan təzyiqini aşağı salmaq üçün tədbirlər hər bir insana uyğun fərdi şəkildə müəyyən edilməlidir. Yalnız pəhriz və fiziki məşqlərlə təzyiqi normallaşdırmağa çalışaraq həkimin təyin etdiyi müalicəni təxirə salmaq olmaz.
Sunay Aydın
