Uşaq ölümlərinin səviyyəsi tarixi minimuma düşüb- BMT

2022-ci ildə beş yaşınadək uşaqlar arasında ölüm hallarının sayı tarixi minimuma düşüb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Ölümünün Qiymətləndirilməsi üzrə Qurumlararası Qrupu özünün son hesabatındakı faktlara istinadla məlumat yayıb.

Hesabatda bildirilir ki, 4,9 milyon uşaq beş yaşına çatmamış vəfat edib və bu, hər altı saniyədə bir ölümə bərabərdir. Ölən uşaqların demək olar ki, yarısı yeni doğulmuş körpələrdir.

Qurumlararası qrupun hesabatı 2000-ci ildən bəri dünyada beş yaşdan kiçik uşaqlar arasında ölüm nisbətinin 51 faiz azalması ilə bu gün əvvəlkindən daha çox uşağın sağ qaldığını göstərib.

UNICEF-in icraçı direktoru Ketrin Rassel bununla bağlı bildirib: “Bu rəqəmlərin arxasında analara təhlükəsiz doğumda kömək edən mama və tibb işçilərinin, uşaqları peyvənd edən və ölümcül xəstəliklərdən qoruyan səhiyyə xidmətlərinin, uşaq sağlamlığının və düzgün qidalanmanın təmininə kömək məqsədilə ailələrə baş çəkən tibb işçilərinin hekayələri var”.

Bir sıra aşağı və aşağı-orta gəlirli ölkələrin nümunəsi göstərir ki, ilkin səhiyyə xidmətinə kifayət qədər resurslar ayrılsa, onda irəliləyiş də mümkündür. Məsələn, əldə edilən məlumatlar Kamboca, Malavi, Monqolustan və Ruandada 2000-ci ildən bəri 5 yaşınadək uşaqların ölüm nisbətinin 75 faizdən çox azaldığını göstərir.

Bununla belə, məlumatlar onu da göstərir ki, irəliləyişlərə baxmayaraq, qlobal ictimaiyyətin qarşısı alına bilən bütün uşaq və yeniyetmə ölümlərinə son qoymaq üçün qət edəcəyi çox uzun bir yol var. 2022-ci ildə 5 yaşına qədər 4,9 milyon uşaqla yanaşı, 5-24 yaş arası insanlar arasında da 2,1 milyon nəfər həyatını itirib. Bu ölümlərin əksəriyyəti Cənubi Asiya və Sub-Sahara Afrikasında baş verib.

Hesabatda qeyd olunub ki, körpə ölümlərinin əksəriyyəti vaxtından əvvəl doğuş, doğuş zamanı yaranan ağırlaşmalar, pnevmoniya, ishal və malyariya kimi qarşısı alına və ya müalicə edilə bilən xəstəliklər səbəbin baş verib.

Peyvəndlərə əlçatanlıq, doğuş zamanı ixtisaslı tibbi iştirak, ana südü ilə qidalanma dəstəyi, uşaqlıq xəstəliklərinin diaqnozu və müalicəsi də daxil olmaqla, yüksək keyfiyyətli ilkin tibbi yardımla bir çox həyatları xilas etmək mümkündür.

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus deyib: “Əldə edilən tərəqqiyə baxmayaraq, milyonlarla ailə hələ də hər il, çox vaxt doğuşdan sonrakı ilk günlərdə faciəli şəkildə uşaq itkisi ilə üzləşir. Uşaqların harada doğulduğu onların yaşamaq şansını müəyyən etməməlidir. O cümlədən, fövqəladə hallar zamanı və ucqar ərazilərdə hər bir qadın və uşaq üçün keyfiyyətli səhiyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması çox vacibdir”.

Yerli icmalarda səhiyyə işçiləri ailələrə testlər, peyvəndlər, ölümcül, lakin müalicə oluna bilən xəstəliklər üçün dərmanlar və qidalanma dəstəyi kimi xidmətlərin göstərilməsində mühüm rol oynayır. ÜST-ə görə, onlar yaxşı təlim keçməli və ilkin səhiyyə sistemlərinə inteqrasiya etməli, habelə ədalətli maaş almalıdırlar. Uşaqların sağlamlığının və həyatda qalmasının yaxşılaşdırılması onların xəstəliklərinin, xüsusilə kəskin respirator infeksiyaların, ishalın və malyariyanın kompleks müalicəsini tələb edir(azərtac).

Əvvəlki məqalə

Vergi orqanlarında xidmət haqqında əsasnaməyə dəyişikliklər nələri nəzərdə tutur?

Sonrakı məqalə

Bu ərazilərdə reklam yerləşdirməyə icazə tələb olunmayacaq