Son zamanlar dünyada və Azərbaycanda vərəm xəstəliyi ilə bağlı narahatlıqlar artıb. Təkcə ötən il Azərbaycanda 2877 insan ilkin, yəni ömründə ilk dəfə bu xəstəliyə yoluxub. Rəsmi dövlət qeydiyyatında olan xəstələrin sayı isə 5169 nəfərdir.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova bildirib ki, son 10 ildə Azərbaycanda vərəm xəstəliyinə yoluxma iki dəfə azalıb.
O bildirib ki, xəstələnmə göstəricisi – 100 000 respublika əhalisinə – 28,4 təşkil edib: “Son on ildə bu göstərici 2 dəfə azalıb. Həmçinin digər ölkələrlə müqayisə etsək, görərik ki, Azərbaycanda yoluxma sayı azdır. Bu da xəstəliyin vaxtında aşkar edilməsi, xəstənin dərhal müalicəyə cəlb olunması və müalicə kursunu uğurla başa çatması ilə əlaqədardır”.
İ.Axundova söyləyib ki, vərəm infeksion xəstəlikdir və əsasən hava-damcı, hava-toz yolu ilə yayılır: “Bu səbəbdən sağlam insanların xəstə ilə birlikdə eyni məkanda olduğu halda yoluxma baş verə bilər. Yoluxan hər bir şəxs vərəm ilə xəstələnmir. Ətrafdakı şəxsin immunitet sisteminin güclü olub-olmaması, vərəm mikrobunun sayı və virulentliyi burada mühüm rola malikdir. Vərəm çöpləri yoluxduğu orqanizmdə latent (“yatmış”) formada qalaraq xəstəlik törətməyə və yaxud immunitetin zəiflədiyi zamanda aktiv formaya keçərək xəstəlik törədə bilər”.
İnstitut direktoru vərəmdən qorunmaq üçün sağlam həyat tərzi sürməyi və yaxşı qidalanmağı tövsiyə edib(apa).