Vətən Müharibəsində itkin düşmüş kapitanın nəşi tapılıb –

Şəhid olub (RƏSMİ)
07 May 2021 - 12:33

Birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəxsiyyəti müəyyənləşdirilərək nəşi aidiyyəti üzrə verilməsi təmin olunub.

Bu barədə Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

2020-ci il noyabrın 10-da atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilmiş, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülmüş, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, həlak olmuş şəxslərin şəxsiyyətinin tam müəyyən edilərək ailələrinə təhvil verilməsi təmin olunub. Ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş hərbi qulluqçuların meyitlərinin olduğu ərazilər, o cümlədən basdırıldığı yerlər müəyyən edilərək, müvafiq qaydada götürülüb, müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.